Georgiyevski: Mənim qapım Makedoniyaya gələn hər bir azərbaycanlı üçün açıqdır
"İnter" və "Neftçi"nin sabiq yarımmüdafiəçisi Slavço Georgiyevski AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş Bolqarıstan - Azərbaycan matçını canlı olaraq stadiondan izləyənlər arasında idi. Makedoniyalı futbolçu həmin vaxt azerisport.az saytının da bir sıra suallarını cavablandırıb:
- Bolqarıstan - Azərbaycan matçını izləyənlər arasında olmağınız gözlənilməz oldu...
- Bolqarıstan Makedoniyadan elə də uzaq deyil. Qərara aldım ki, gəlim bu oyunda Azərbaycanı dəstəkləyim. "Qəbələ"ni PAOK-la səfər oyununda dəstəkləməyi planlaşdırıram.
- Yığmamız sizi məyus etdi?
- Rəqib daha yaxşı oynadı. Azərbaycan öz oyununu göstərməyə çalışırdı, top saxlayırdı, amma qol vəziyyəti yarada bilmirdi. Bu, bizim günümüz deyildi.
- Bəs bütövlükdə seçmə mərhələni Azərbaycan üçün necə qiymətləndirə bilərsiniz?
- Öncə ona təəssüflənirəm ki, Robert Prosineçki seçmə mərhələnin əvvəlindən bu komandanı çalışdırmırdı. İnanın ki, o, ilk gündən komanda ilə birgə olsaydı, nəticə tam fərqli olacaqdı. Milli ən azından 6 xaldan daha çox xal toplayardı. Bolqarlarla son oyunu nəzərə almasaq, komandanın sərgilədiyi futbol da pis deyil, irəliləyiş var. Əminəm ki, növbəti seçmə mərhələdə həm nəticələr, həm də oyun indikindən yaxşı olacaq.
- Belə əminlik hardandır?
- Prosineçki qısa zaman ərzində az iş görməyib. Avropada artıq Azərbaycan yığmasından da danışılır. Bu komandanın böyük turnirlərdə iştirak edəcəyi gün uzaqda deyil. Çünki vaxtilə klublarımızın da avrokubokların qrup mərhələsində oynayacağına inam az idi. Amma indi iki klubumuz qrup mərhələsində çıxış edir. Yığmanı da belə uğurlar gözləyir.
- Klub futbolunda legionerlərin köməyi var...
- Azərbaycanda yaxşı gənc futbolçular da peyda olub. Hansı ki, onlar artıq milli komandalarımıza cəlb olunurlar.
- Artıq neçənci dəfədir "komandamız" deyirsiniz...
- Bu, elə belə deyil. Beş il Azərbaycanda yaşamışam. Bu ölkəni özümə ikinci ev hesab edirəm. Azərbaycan xalqına hörmət edirəm. Orada keçirdiyim illərə görə də minnətdaram. Mənim qapım Makedoniyaya gələn hər bir azərbaycanlı üçün açıqdır.
- Elə isə niyə bu mövsüm "İnter"dən getdiniz?
- Ailə vəziyyətimlə əlaqədar. Yeni övladımız dünyaya gələcək. Həm də artıq 35 yaşım var. Düşündüm ki, artıq karyeramı başa vurmaq vaxtıdır. Məşqçiliyə başlamağa qərar verdim.
- Nədən başlayacaqsınız?
- Artıq "Rabotniçki"də çalışmağa başlamışam. Hələ ki, klubun 15 yaşadək futbolçulardan ibrət komandasını çalışdırıram. Çalışdıqca PRO kateqoriyalı lisenziya da almağa cəhd göstərəcəyəm. Mümkündür ki, yenidən Bakıya gəlim (gülür). Dediyim kimi, bu ölkəni sevirəm və bir daha oraya qayıtmağa ümidliyəm.
