Vladislav Qədirov: Millimiz Bolqarıstana qarşı çox pis oynadı
Azərbaycanın veteran futbolçusu Vladislav Qədirov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş Bolqarıstan - Azərbaycan matçını (0:2) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu matçın nəticəsi çox da vacib əhəmiyyət daşımırdı. Hansısa komandanın 4-cü yeri tutması tamamilə formal xarakter daşıyırdı. Yığmamızın İtaliyaya qarşı oyunu daha çox xoşuma gəldi. Üstəlik, qol da vura bildik. Bolqarıstanla sakitcə heç-heçə edə bilərdik. Bu komandadan hələ Bakıdakı oyunda xal ala bilərdik. Sofiyadakı oyunda stadion boş idi, rəqib heç də yaxşı formada deyildi. Bütün bunlardan yararlanıb, qələbə də qazanmaq mümkün idi. Amma komandamız çox pis oynadı. Bu, doğrudan da Robert Prosineçkinin dövründə ən pis oyun idi. Niyə belə alındığını bilmirəm. Mümkündür ki, İtaliya ilə oyunda komandamız çox güc sərf etmişdi. Seçmə mərhələyə bütövlükdə qiymət versək, Prosineçki ilk gündən yığmamızın sükanı arxasında olsaydı, daha yaxşı nəticəyə nail ola bilərdik".
