Marselo Teşeyra: Neftçi ilə əməkdaşlıq etməyimizin iki səbəbi var
Xəbər verdiyimiz kimi, “Neftçi”nin dəvəti ilə Braziliyanın “Fluminense” klubunun nümayəndəsi Marselo Teşeyra Bakıda səfərdədir. Azerisport.az xəbər verir ki, “Fluminense” klubunun nümayəndəsi bu gün jurnalistlər üçün brifinq keçirib:
"İki gündür Bakıdayam. "Neftçi"nin məşqinə, U-19-un yoxlama oyununa baxmışam. İnfrastruktur xoşuma gəldi. "Neftçi"nin xüsusilə gələcəyi düşünməsini bəyəndim. Uşaq futbolu ilə bağlı böyük iş aparılır. Bu, sizin üçün böyük göstəricidir".
O, "Fluminense" ilə "Neftçi" arasındakı əməkdaşlığa da toxunub: "Fluminense" Braziliyanın ən güclü klublarından biridir. Biz beynəlxalq layihələr hazırlayırıq. Müxtəlif ölkələrdən bir neçə klubla əməkdaşlıq etməyi planlaşdırırıq. Komandamız Avropada beynəlxalq turnirdə iştirak edərkən "Neftçi" rəsmiləri ilə görüşümüz oldu. Yeri gəlmişkən, hazırda bakılıların heyətində çıxış edən Aylton həmin turnirin ən yaxşılarından idi. Elə həmin vaxt əməkdaşlıq barədə də söhbətimiz oldu. Ardından "Neftçi"nin nümayəndələri Braziliyada oldular. İndi isə cavab olaraq biz Bakıya gəlmişik".
Teşeyra əməkdaşlığın detallarından da danışıb: "Bütün detalları tam olaraq açıqlaya bilmərəm. Çünki hələ tezdir. Biz hələ əməkdaşlıqla bağlı planlar qururuq. "Fluminense" öz futbolçularını Avropanın, Amerikanın müxtəlif klublarına yollamaqla onları yoxlamaq istəyir. Bunu edirik ki, braziliyalı oyunçuların getdikləri klublarda, ölkələrdə özlərini necə göstərəcəyini, inkişaf edəcəyini bilək. Futbolçularımızın ölkə xaricində oynamasına çalışırıq".
"Fluminense" rəsmisi Azərbaycan klubunu seçmələrinin də səbəbini izah edib: "Bunun iki səbəbi var. Birincisi, Azərbaycan hazırda fantastik sürətlə inkişaf edir. İkincisi, İngiltərə, İspaniya kimi ölkələrdə bizim futbolçularımıza oynamaq çox çətindir. Braziliyalıların bu ölkələrdə çıxış etməsi üçün onların yığmamızın üzvü olması lazımdır. Azərbaycanda isə braziliyalı futbolçuların oynaması üçün ciddi problem yoxdur".
Teşeyra "Neftçi"nin azərbaycanlı futbolçularının "Fluminense"nin düşərgəsinə yollanmasının mümkünlüyünə də toxunub: "Biz istəyərdik ki, futbolçularınız Braziliyaya gəlsinlər, klubumuzun bazasında olsunlar".
