Maksim Medvedev: Robert Prosineçki ilə işləməyə davam etsək, nəticələrimiz daha yaxşı olacaq
Azərbaycan yığmasının müdafiəçisi Maksim Medvedev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçirilmiş səfər oyunundan (0:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Oyuna qədər yaxşı futbol sərgiləyəcəyimizi düşünürdük. Heyətdə dəyişikliklər var idi. Bu üzdən də müəyyən anlaşılmazlıqlar olurdu. Hərdən mövqe səhvlərinə yol verirdik. Nəticədə iki qol buraxdıq.
- Ola bilər ki, komandamız bu oyuna yaxşı köklənə bilməmişdi?
- Deməzdim. Son nəticələri nəzərə alsaq, komandada müsbət nəticə qazanmağa inam çox idi. Yaxşı oynayacağımıza, nəticə qazanacağımıza inanırdıq. Yığmamızda çoxdan idi belə özünəinam görmürdük.
- Bu matçı seçmə mərhələdəki ən pis oyunumuz hesab etmək olar?
- Ən passiv oyun kimi Xorvatiyaya səfərdə uduzduğumuz görüş idi. Biz Bolqarıstanla yenə qarşılaşsaq, amma fərqli taktika ilə çıxış etsək, belə məğlubiyyətlə üzləşməzdik.
- Baş məşqçi sizi sol cinah müdafiəçizi kimi meydanda buraxmışdı. Alışmadığınız mövqedə oynamaq çətin deyildi?
- Hansısa mövqedə uzun müddət oynamayanda təbii ki, çətin olur. Mənim önümdə Elnur Cəfərov çıxış edirdi. Yəqin görürdünüz ki, aramızda anlaşılmazlıqlar olurdu.
- Əvəzlənməyiniz nə ilə bağlı idi?
- Ayağımda zədəm vardı. İkinci hissədə rəqib futbolçu ilə toqquşma nəticəsində vəziyyətim daha da pisləşdi.
- Seçmə mərhələni yığmamız üçün necə qiymətləndirə bilərsiniz?
- Bütövlükdə, müsbət qiymətləndirirəm. Ardıcıl dörd məğlubiyyətdən sonra yeni baş məşqçi ilə vəziyyəti müsbətə doğru dəyişdirməyə nail olduq. Bu, bizim üçün böyük üstünlük idi. Deməli, Robert Prosineçki ilə işləməyə davam etsək, nəticələrimiz də yaxşılaşacaq.
