Robert Prosineçki: Ən pis oyunumuzu keçirdik
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçirilmiş səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 0:2 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
"Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Mən deyərdim ki, bu, bizim yığmaya gəlişimdən bəri ən pis oyunumuz idi. Rəqib isə çox istəkli oynadı. Birinci hissədə pis çıxış etdik. Fasilədən sonra bir qədər özümüzə gəldik. Nəticə qanunauyğundur. Səhvlərimizi düzəltməliyik. Futbolda belə hallar olur".
Onun sözlərinə görə, futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışıblar: "Uşaqlar yaxşı oynamaq istəyirdilər. Amma dediyim kimi, bu il ən pis oyunumuzu keçirdik. Mümkündür ki, İtaliya ilə oyun futbolçularımızdan çox güc almışdı. Çünki fiziki durumları heç də yaxşı deyildi".
"Rəqib aqressiv idi, topa daha tez çatırdılar. Biz də ikinci hissəyə pis başlamadıq. Amma ikinci qolu buraxdıqdan sonra oyunda dönüş etməyimiz çətinləşdi".
Prosineçki Maksim Medvedevi ikinci yarıda əvəzləməsinə də aydınlıq gətirib: "Təəssüf ki, onu zədələndiyinə görə əvəzlədik. Zədəsinin nə dərəcədə ciddi olduğunu bilmirik".
