Bədavi Hüseynov: İtaliya kimi rəqiblər belə səhvləri bağışlamır
Azərbaycan yığmasının müdafiəçisi Bədavi Hüseynovun azerisport.az saytına müsahibəsi
- AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı son oyunumuzla bağlı nə düşünürsünüz?
- Bolqarıstan sıradan rəqib deyil. Onlar da bizim kimi seçmə mərhələyə uğurlu nəticə ilə yekun vurmaq istəyirlər. Bu, hər iki komanda üçün çox önəmlidir. Ona görə də yığmamızı çox çətin qarşılaşma gözləyir.
- Bolqarıstanla oyunda sizi böyük ehtimalla Ruslan Abışov əvəzləyəcək...
- Ruslan təcrübəli futbolçudur. Fikrimcə, onun üçün müdafiədə məni əvəz etmək çətin olmayacaq.
- İtaliyaya 1:3 hesablı məğlubiyyəti necə şərh edə bilərsiniz?
- Çox çətin qarşılaşma oldu. Rəqib yüksək səviyyəli oyun sərgilədi. İtaliya yığmasının heyətində güclü və sürətli oyunçular çoxdur.
- Yığmamızın məğlubiyyətinə nə səbəb oldu?
- Normal oyun sərgilədik. Matça yaxşı nəzarət edirdik. Müəyyən səhvlərimiz oldu. İtaliya kimi rəqiblər belə səhvləri bağışlamır.
- Dmitri Nazarov hesabı bərabərləşdirəndə uğur qazanacağınıza dair düşüncələr oldu?
- Bəli, qoldan sonra belə bir variantın mümkünlüyünə inanmağa başlamışdıq. Amma təəssüf ki, fasiləyə məğlub yollandıq. Bu, hər şeyi korladı.
- Qrasiano Pelle, Stefan Əl Şaaravi kimi futbolçuları dayandırmağın bu qədər çətin olacağını gözləyirdiniz?
- Xeyr, gözləmirdim. Pelle çox güclü idi, onun oyunu xoşuma gəldi. Bu futbolçu mənim oynadığım ən güclü hücumçulardan biridir. Əl Şaaravi də çox sürətli və hərəkətli idi.
- Amma Sebastyan Covinko meydana çıxandan sonra sizə daha çətin oldu...
- Bəli, onun çox sürətli keçidləri var. Belə futbolçulara qarşı oynamaq doğrudan da çox çətin idi.
- Sizin qırmızı vərəqə almağınıza məhz Covinko səbəb oldu...
- Mən qırmızı vərəqə almaq istəmirdim. Sadəcə, onu sürətdə qabaqlamağa, saxlamağa çalışırdım. Amma Covinko özünü tez yerə atdı. Hakim də buna görə birbaşa qırmızı vərəqə çıxardı. Bu, məni çox məyus etdi.
- Robert Prosineçki oyundan sonra sizə irad bildirmədi?
- O, bizim hamımızı dəstəklədi. Dedi ki, biz İtaliya ilə oyunu unudub, Bolqarıstanla qarşılaşmaya hazırlaşmalıyıq.
