Əfran İsmayılov: İtaliya bizə qarşı Malta ilə müqayisədə daha ciddi oynadı
Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı keçirilmiş oyundan (1:3) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- İtaliya ilə oyun barədə nə deyə bilərsiniz?
- Bu, mənim oynadığım ən güclü komanda idi. Onlar bizimlə görüşdə bir saniyə də dayanmadılar. 90 dəqiqə ərzində həm hücumda, həm də müdafiədə çox diqqətli idilər.
- Yəni bu dərəcədə çətinliklə üzləşdiniz?
- Mən matçın bu qədər çətin keçəcəyini heç təəvvür belə etmirdim. Onların oyununu analiz edərkən elə düşünürdüm ki, biz italyanlara qarşı oynaya bilərik. Amma onları dayandıra bilmədik. İtaliya yığmasının bütün futbolçuları yüksək səviyyədə çıxış etdi. Biz də çalışdıq, əlimizdən gələni etdik. Amma göründüyü kimi, bu, İtaliya yığmasından xal almaq üçün yetərli olmadı.
- Onlar Maltaya çətinliklə qalib gəlmişdilər, amma bizi asanlıqla yendilər...
- Razı deyiləm. Biz öz səhvlərimizdən qollar buraxdıq. Düşünmürəm ki, italiyalılar Maltaya da qarşı belə maksimum güc sərf etsinlər. Əminəm ki, onlar bizə qarşı daha ciddi oynadılar. Çünki Azərbaycan üzərində qələbə bu komandanı Avropa çempionatının final mərhələsinə çıxaracaqdı.
- Hesabı bərabərləşdirəndən sonra nəsə edəcəyinizə dair ümid yaranmışdı?
- Əlbəttə, müsbət nəticə qazanmağa ümidimiz var idi. Hətta hesab 1:2 olarkən də hesabı bərabərləşdirəcəyimizə, uduzmayacağımıza dair ümid var idi. Amma təcrübə və rəqibin ustalıq səviyyəsi bu oyunun nəticəsini müəyyənləşdirməkdə önəmli rol oynadı.
- Bolqarıstanla qarşıdakı oyundan nə gözləyirsiniz?
- Bolqarıstan sıradan rəqib deyil. Bizi seçmə mərhələnin sonuncu oyunu gözləyir. Tsikli yaxşı nəticə ilə başa vurmaq istərdik. Ümid edirəm ki, italyanlarla görüşdəki səhvləri təkrarlamayacağıq və Sofiyadan xalla qayıdacağıq.
