Rəşad Sadıqov: İtaliyanın güclü olduğunu bilirdik, amma bu qədər yox
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı keçirilmiş oyundan (1:3) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyun və nəticə barədə nə deyə bilərsiniz?
- Rəqibin imkan verdiyi qədər oynaya bildik. İtaliyaya çox şans vermədik. Müdafiədən çıxarkən soyuqqanlı idik, yaxşı top saxlayırdıq. Amma rəqibin müdafiə xəttinə yaxınlaşanda boşluqların olmadığını görürdük. Ona görə də hücumlarımızı istədiyimiz kimi yekunlaşdıra bilmirdik. İtaliya yığması sadəcə, bizə oynamağa imkan vermədi. Mənə elə gəlir ki, biz çoxdan idi belə rəqibə qarşı oynamırdıq. Çox peşəkar komandadır. Belə komandalardan öyrənəcəyimiz çox şey var.
- İndiki İtaliya yığması bir il öncə səfərdə uduzduğunuz komandadan nə dərəcədə fərqlənirdi?
- Bu oyunun nəticəsi də göstərir ki, onlar doğrudan da çox intizamlıdırlar. Antonio Konte elə tapşırıq vermişdi ki, rəqib futbolçular 90 dəqiqə ərzində bir an olsun belə, dayanmadılar. Belə rəqibə qalib gəlmək, hətta ondan xal almaq da çox çətindir. Ötən il onlar belə deyildilər. Kontenin yığmadakı işi görünür.
- Andrea Pirlonun yoxluğu hiss olunurdu?
- Xeyr. İtaliya yığmasında kifayət qədər yüksək səviyyəli oyunçular var. İtaliya yığmasının güclü olduğunu öncədən də bilirdik, amma bu qədər də yox. Onlar istədikləri vaxt matçda tempi artırır, istədikləri vaxt da azaldırdılar. Müdafiədə də çox yaxşı idilər. Konte bir il ərzində çox yaxşı komanda yaradıb. İtalyanlar meydanda bir-birini gözübağlı başa düşürdülər.
- 2002-ci ildə İtaliyaya qarşı Bakıdakı oyunda siz də iştirak etmişdiniz. Həmin oyun daha çətin alınmışdı, ya indiki?
- 13 il əvvəlki qarşılaşma daha sakit keçmişdi. Bu dəfə çox ağır oldu. Yenə də Konte amili sözünü deyir. Futbolçuların onun tapşırıqlarını necə dəqiq yerinə yetirdiyi göz önündə idi. Komanda AÇ-nin final mərhələsinə vəsiqə qazanmaq istəyirdi, ona da nail oldu.
- Bədavi Hüseynov qırmızı vərəqə alarkən, ona iradınızı bildirdiniz?
- Covinko çox sürətli oyunçudur. Bu gün mən və ya Bədavi Pelleyə, Ederə oynamağa imkan verməsəydik, yəqin ki, indi "İnter"də, "Milan"da çıxış edərdik. Onlar sadəcə, öz ustalıqlarını göstərdilər.
- Bu, sizin yığma komandada 100-cü oyununuz oldu. Yubiley matçınızla bağlı nə deyə bilərsiniz?
- Əlbəttə, belə bir oyunda daha uğurlu nəticəyə imza atmağımızı istəyərdim. Amma oyun göstərdi ki, belə rəqiblə qarşlaşmada uğurlu nəticəyə ümid etmək olmaz.
- Qarşıda Bolqarıstanla oyun var...
- Biz İtaliyaya qarşı oyunda çox güc sərf etdik. Həm də yağışa görə meydan çox ağır idi. Bizi bolqarlarla da çətin səfər oyunu gözləyir. Oyuna yaxşı köklənməliyik. Tsikli yaxşı başa vurmağa çalışacağıq.
