Dani Kintana: Qazonun ideal vəziyyətdə olmaması bizə çox çətinlik yaratdı
"Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"inə qarşı oyundan (1:0) sonra fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Əlbəttə, qələbəyə görə çox şadıq. Oyunun özü çox maraqlı alındı. Hər şeyə rəğmən, biz öz futbolumuzu göstərə bildik, vacib qol vurduq, sonda da qələbə qazandıq. Amma başqa qollar da vura bilərdik".
İspaniyalı xavbek bir epizodda qol vurmağa yaxın olsa da, müdafiəçilər son anda ona mane oldular. Kintana həmin epizodu belə şərh edib: "Həmin epizodda qazon mənə daha yaxşı davranmağa mane oldu. Əminəm ki, normal ot örtüyündə qapıya doğru daha sürətlə irəliləyə və istədiyimi həyata keçirə bilərdim. Qazon ümumiyyətlə, çox çətinlik yaratdı. "Tottenhem"lə oyundakı qazondan sonra belə meydanda oynamaq çətin idi. Yəqin siz özünüz də görürdünüz ki, top düz irəliləmirdi, kəsəklərə ilişib, istiqamətini dəyişirdi".
"Birinci hissədə biz tez-tez hücuma atılırdıq. Amma fasilədən sonra oyunun gedişatında dəyişiklik oldu. Biz daha çox əks-hücumlara bel bağlamağa başladıq. Buna baxmayaraq, ikinci hissədə də qol vura bilərik".
