Dodo: Hakim vurduğum qolu qeydə almamaqla səhv etdi
"Qəbələ"nin yarımmüdafiəçisi Dodo Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Rusiyanın "Krasnodar" klubuna qarşı səfər oyunundan (1:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Məğlub olduq. Buna görə çox üzgünük. Necə oynadığımızı nəzərə alsaq, məğlubiyyət ikiqat üzücüdür. Biz məğlubiyyətə layiq deyildik.
- Amma birinci hissədəki oyununuzla məğlubiyyətə layiq olduğunuzu da demək olar...
- Bəli, birinci hissədə oyunumuz alınmadı. Amma ikinci hissədə rəqibi üstələməyi bacardıq. Xüsusilə də qapılar qarşısında yaradılan təhlükəli vəziyyətlər baxımından.
- Siz bu oyunda üç qol vurdunuz, cəmi biri qeydə alındı...
- Birinci epizodda ola bilsin ki, qaydalar pozulmuşdu. Amma ikinci sayılmayan qol epizodu zamanı ofsayd birmənalı şəkildə yox idi. Hakim səhv etdi. Həmin epizodun hesab 1:1 olarkən yaşanması da üzücüdür. Həmin vaxt hesabda önə keçsəydik, bizim üçün hər şey tam fərqli də başa çata bilərdi. Qələbə qazana bilmədiyimizə görə çox üzgünəm. Lakin hesab edirəm ki, biz öz işimizin öhdəsindən layiqincə gəldik.
- İki oyundan sonra 1 xal toplamısınız...
- Qarşıda daha dörd oyun var. Hələ qrupumuzda heç nə müəyyənləşməyib. Biz xal ehtiyatımızı yaxşılaşdıra bilərik. "Krasnodar"la görüşün ikinci hissəsindəki kimi oynamağa davam etsək, şansımız olacaq.
- Qarşıda "Xəzər Lənkəran"la oyun var...
- Bizə qələbə lazımdır. Üç xal qazanmaqla komandadakı əhval-ruhiyyəni yaxşılaşdırmağa çalışmalıyıq. Çünki "Krasnodar"a məğlubiyyət komandadakı atmosferi istər-istəməz korladı.
