Sergey Zenyov: Krasnodara qol vəziyyətlərindən yararlana bilmədiyimizə görə uduzduq
"Qəbələ"nin hücumçusu Sergey Zenyov Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Rusiya "Krasnodar"ı ilə səfər oyunundan (1:2) sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Matçı necə şərh edə bilərsiniz?
- Ağır oyun oldu. Təəssüf ki, uduzduq. Halbuki, ikinci hissəyə əla başlamışdıq. Hesabı da bərabərləşdirdik. Yenə də qol vura bilərdik.
- "Qəbələ"nin bu oyunda uğur qazanmasına nə mane oldu?
- Qol vəziyyətlərindən yararlana bilməməyimiz. Qol vurmaq üçün şanslarımız oldu, amma onlardan yararlana bilmədik.
- Komandanız niyə birinci hissəni zəif keçirdi?
- Deyə bilmərəm. Yəqin ki, oyundan sonrakı müzakirələr zamanı bunun səbəbini daha dəqiq biləcəyik. Əminəm ki, baş məşqçi öz fikrini bizə söyləyəcək.
- Maraqlıdır, Roman Qriqorçuk fasilədə sizə nə dedi ki, komanda ikinci hissədə tam fərqli futbol sərgilədi?
- O, bizə başımızı dik tutmağı, meydanda nəyə qadir olduğumuzu göstərməyi tapşırdı.
- İkinci hissədə Dodo hesabı bərabərləşdirəndən sonra daha bir qol vurdu. Amma hakimlər ofsayd qeydə aldılar. Sizcə də orada ofsayd var idi?
- Həmin məqamı xatırlamağa dəyməz. Hətta ofsayd olmasa, təmiz qol olsa belə, onsuz da hakimlər qeydə almayıblar. Önümüzə baxmaq lazımdır.
- "Qəbələ"ni qarşıda nə gözləyir ki?
- Növbəti oyunlar. Çünki hələ qrupda heç nə itirilməyib. Hər bir oyunda sonadək mübarizə aparacağıq.
