Roman Qriqorçuk: Heç-heçəni qoruya bilərdik, amma gördüm ki, qələbə qazanmaq olar
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Rusiyanın "Krasnodar" klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis 1:2 hesabıyla uduzduqları görüşdən sonra bunları söyləyib:
"Krasnodar"ı qələbə münasibətilə təbrik edirəm. Belə bir oyunda uduzmaq çox üzücüdür. Rəqib çox güclü komandadır. Belə bir rəqiblə oyunda "Qəbələ"nin necə oynadığını görə bildik. Biz birinci hissədə göstərmək istədiyimiz oyunu sərgiləyə bilmədik. Passiv çıxış etdik. İkinci hissədə isə hücuma atıldıq. Heç-heçə hesabını qoruya bilərdik. Amma hiss edirdik ki, qələbə qazana bilərik. "Krasnodar" matçın sonlarında düzgün əvəzetmələr etməklə oyunda dönüş yaratdı. Fedor Smolov sonradan oyuna qoşulsa da, şansından yaxşı yararlandı, öz səviyyəsini göstərdi".
