Rikardinyo: Borussiya ilə oyunlar öncəsi 4 xal qazanmağımız pis olmazdı
"Qəbələ"nin müdafiəçisi Rikardinyo Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya "Krasnodar"ına qarşı səfər oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Qarşıdakı oyunla bağlı nə düşünürsünüz?
- Bizi maraqlı qarşılaşma gözləyir. Rəqibimiz güclüdür. Krasnodarlılar kompakt müdafiə olunurlar. Hücumda da güclüdürlər. Doğma meydanda oynadıqlarından qələbə qazanmağa çalışacaqlar. Bizdən fərqli Avroliqada böyük təcrübəyə malikdirlər. Biz isə ilk dəfədir Avroliqanın qrup mərhələsində çıxış edirik. Fikrimcə, "Krasnodar" bizə adi rəqib gözü ilə baxır.
- Bunu sizin üçün üstünlük saymaq olar?
- Bunun hansısa üstünlük yaradacağını düşünmürəm. Sadəcə, meydanda çox çalışmağımız lazımdır.
- Qrup mərhələsinə uğurlu start verdiyinizi demək olar?
- "Krasnodar"la səfər oyununda da uğurlu çıxış edə bilsək, o zaman Yunanıstan PAOK-u ilə ev oyunundakı heç-heçə daha qiymətli olacaq.
- Dortmund "Borussiya"sının (Almaniya) öz meydanında "Krasnodar"ı çətinliklə məğlub etməsi sizi qorxutmur?
- Almanlar qələbə qolunu yalnız son dəqiqələrdə vura bildilər. Rusiya klubu əla müdafiə olunurdu və əks-hücumlar qururdu. Bizi də bu komanda ilə asan oyun gözləmir. Amma "Qəbələ" də yaxşı komandadır və fikrimcə, uğurlu nəticə qazana bilərik. Baxmayaraq ki, "Krasnodar" gözəl oyun sərgiləyir.
- Elə isə, bu oyunda hansı nəticəyə ümid edirsiniz?
- Bakıya 3 xalla qayıtmağımızı çox istəyərdim. "Borussiya" böyük ehtimalla PAOK-a qalib gələcək və xallarının sayını 6-ya çatdıracaq. Biz də qələbə qazansaq, 4 xalımız olacaq və qrupda ikinci yerə yüksələcəyik. PAOK bir xal qazandığı halda, "Krasnodar" xalsız qalacaq. Bu, qrupdan çıxmaq yolunda çox böyük üstünlük yarada bilər.
- Cəsarətli proqnozdur...
- Bunu əməldə həyata keçirmək lazımdır. Çünki "Krasnodar"a onun meydanında qalib gəlmək asan olmayacaq. Amma biz buna nail olacaq gücdəyik. Onu da unutmamalıyıq ki, bizi qarşıdakı "Borussiya" ilə iki ardıcıl oyun gözləyir. Bu komanda ilə oyunlar öncəsi 4 xal qazanmaq pis olmazdı.
