Vladislav Qədirov: Qarabağ Anderlextlə heç-heçə edə bilər
Azərbaycanın veteran futbolçusu Vladislav Qədirov "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi növbəti oyunlar öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hər iki komandamıza növbəti oyunlar çətin olacaq. "Qarabağ" doğma tribunaların dəstəyi sayəsində Belçika "Anderlext"i ilə heç-heçə edə bilər. Belçikalılar keyfiyyətli futbol sərgiləyirlər. Heyətdə güclü futbolçuları var. Ona görə də "Qarabağ"a çətin olacaq. Buna baxmayaraq, ağdamlılar ikinci yer uğrunda mübarizə apara bilərlər. "Qəbələ"yə gəlincə, rəqibi "Krasnodar" son dövrlər Rusiya çempionatında qələbə qazana bilmir. Kuban klubu hazırda heç də ideal formada deyil. Ona görə də ruslar "Qəbələ" ilə görüşdə özlərini göstərməyə çalışacaqlar. Çünki doğma meydanda oynayacaqlar. Nə qədər çətin də olsa, hər iki klubumuza uğurlar arzulayıram".
