Rəşad Abdullayev: Neftçi Qarabağla bərabər mübarizə aparırsa, bizə çətin olacaq
"Zirə"nin kapitanı Rəşad Abdullayev Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- "Xəzər Lənkəran"ın bütün problemlərinə baxmayaraq, "Zirə"nin bu komandaya səfərdə qalib gəlməsi tam gözlənilməz oldu...
- Şübhəsiz ki, Lənkəranda oynamaq bütün komandalar üçün çətin olur. Amma biz öncədən də oraya qələbə qazanmaq üçün getmişdik. Uduza da bilərdik. Sadəcə, fortuna bizim tərəfimizdə oldu.
- "Zirə" debütant olsa da, gözlənilməz çıxış edir, çox yaxşı nəticələr qazanır. Halbuki, sizin elitadakı yerinizi qorumağa çalışacağınız gözlənilirdi. Amma komandanız hazırda liderlər qrupunda qərarlaşıb...
- Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Hələlik, bu, bizdə yaxşı alınır. Hazırda əsas hədəfimiz elitadakı yerimizi qorumaqdır. Amma mövsümün gedişində hədəflərimizdə hansısa dəyişiklik mümkündür.
- "Zirə" mövsümün tapıntısı ola bilər?
- Tələsməyə ehtiyac yoxdur. Amma biz buna çox yaxınıq. Sadəcə, bunun üçün xeyli qələbə qazanmağımız lazımdır. Hələ ki, komanda olaraq tam formalaşmamışıq.
- Düşərgənizdə avrokuboklara vəsiqə qazanmaq barədə söhbətlər dolaşmır?
- (Gülür) Hələ tezdir. Öncə yaxşı komanda formalaşdırmaq lazımdır. Yalnız ondan sonra böyük hədəflər uğrunda mübarizə aparmaq olar.
- Növbəti turda "Neftçi"yə qalib gəlməklə turnir cədvəlində daha da irəliləyə bilərsiniz...
- Bəli, bu komandaya qalib gəlsək, onlardan altı xal uzaqlaşmış olacağıq. Bu baxımdan çox vacib oyundur. Öz meydanımızda oynayacağıq və şübhəsiz ki, qarşımıza maksimum nəticə qazanmaq hədəfi qoymuşuq. Qarşıdakı turlar ümumiyyətlə, bizim üçün çox ciddi sınaq olacaq. Çünki "Neftçi"dən sonra "Qarabağ" və "Qəbələ" ilə üz-üzə gələcəyik.
- Yəqin ki, "Neftçi"nin son turda "Qarabağ"a qarşı necə oynadığını gördünüz...
- Bəli, "Neftçi" çox yaxşı çıxış etdi. Heyətində o qədər gənc futbolçunun olmasına baxmayaraq, yaxşı futbol sərgiləyir. Bu komanda ötən mövsümlə müqayisədə çox dəyişib. Onlar "Qarabağ"la bərabər səviyyəli oyun sərgiləyirlərsə, deməli, bizə çox çətin olacaq.
- "Zirə"yə keçid sizin üçün də uğurlu oldu. Hətta komandanın kapitanısınız...
- Seçimim düzgün oldu. "Zirə" iddialı klubdur, belə komandada oynamaq xoşdur. Kapitan sarğısını isə təcrübəli futbolçu olduğuma görə mənə həvalə ediblər. Klubumuzun böyük potensialı var. Çünki burada ciddi insanlar çalışır.
