Aqil Məmmədov: Neftçinin qələbəsi əlindən alındı
"Neftçi"nin qapıçısı Aqil Məmmədovun azerisport.az saytına müsahibəsi
- "Qarabağ"la oyunda baş hakim Fariz Yusifovun sizi qələbədən etdiyini demək olar?
- Yusifov Azərbaycanın ən təcrübəli hakimlərindən biridir. Amma mənə elə gəlir ki, həmin epizodda penalti yox idi. Qoy videotəkrarara baxsınlar.
- Arbitr sizə də sarı vərəqə göstərdi...
- Onun buna haqqı vardı.
- Amma oyundan sonra sarı vərəqə qırmızıya da çevrilə bilərdi. Çünki çox kəskin etiraz edirdiniz?
- Qələbəmizi əlimizdən alırlarsa, buna etiraz etməliydim. 90-cı dəqiqədə qapımıza olmayan penaltini təyin edirlər. Bəs bizim əleyhimizə ədalətsiz penalti təyin olunursa, nə etməliyik? Bunu təkcə biz yox, hamı deyir.
- "Neftçi" bu matçın taleyini vaxtında həll edə, başqa qollar da vura bilərdi ki, vəziyyət bu həddə çatmasın.
- Heç kim "Neftçi"dən belə oyun gözləmirdi. Hamı "Qarabağ"dan danışırdı. Əlbəttə, "Qarabağ" güclü komandadır. Ola bilsin ki, bu komandanın üzvlərinin ustalıq səviyyəsi "Neftçi"nin futbolçuları ilə müqayisədə daha yüksəkdir. Amma futbol kollektiv oyundur. Biz də kollektiv oyun sərgilədik. Özü də çox yaxşı oynadıq.
- Araz Abdullayevin zədələnərək meydanı tərk etməsi komandaya psixoloji cəhətdən problem yaratmadı?
- Xeyr, hər şey qaydasında idi. Arazın əvəzində meydana Ruslan Qurbanov çıxdı və çox yaxşı oynadı. Qələbə də bizim olmalıydı, amma "sağ olsunlar" ki, onu əlimizdən aldılar.
- "Qarabağ"ın "Neftçi"dən belə oyun gözləmədiyi hiss olunurdu. Ola bilər ki, rəqib asan qələbəyə ümid edirmiş?
- "Neftçi" adlı-sanlı klubdur. Bütün rəqiblər bizimlə oyunlara xüsusi motivasiya ilə çıxırlar. Elə təkcə "Neftçi"nin adı çox şeydən xəbər verir.
- Siz özünüz də qeyd etdiniz ki, heç kim "Neftçi"dən belə oyun gözləmirdi. Sizcə, niyə?
- Mən o mənada demirdim. "Neftçi" çox əla oynadı, sadəcə, yenə bəxtimiz gətirmədi. "Xəzər Lənkəran"la görüşdə də yaxşı oynamışdıq. Həmin oyunda da demək olar ki, heç nədən qol buraxdıq.
- Siz penaltini dəf edə bilərdiniz?
- Qapıçılar üçün penalti qaytarmaq şansı 10 faizə bərabərdir. Mən Riçard Almeydanın sol küncə zərbə endirəcəyini düşündüm. Amam rəqib futbolçu sağa vurdu.
- "Neftçi" belə oynamağa davam edə biləcək?
- Allah eləsin ki, bizdən hər oyunda elə futbol görəsiniz.
