Samir Abasov: Hakimlər futbol ictimaiyyətini özlərinə qarşı qaldırırlar
Azərbaycan yığmasının sabiq kapitanı, hazırda "Sumqayıt"ın əvəzedici komandasının baş məşqçisi olan Samir Abasovun azerisport.az saytına müsahibəsi
- Sizə elə gəlmir ki, mövsümün başlanğıcı azərbaycanlı hakimlər üçün elə də uğurlu olmadı?
- Geridə qalan altı turda çoxlu hakim səhvləri qeydə alınıb. Onlar demək olar ki, bütün səhv etmə limitlərini doldurublar.
- "Sumqayıt" - AZAL matçında komandanız 7 sarı və 1 qırmızı vərəqə ilə cəzalandı...
- "Qarabağ" - "Neftçi" matçındakı gərginliyi nəzərə alsaq, hakim səhvini haradasa başa düşmək olar. Bəs Sumqayıtdakı oyunun hakimliyini nə ilə izah etmək olar? Əminliklə demək olar ki, hakimlər mövsümün startında çox biabırçı göstəricilərə imza atdılar.
- Hətta "Qarabağ"ın düşərgəsində də etiraf edirlər ki, Fariz Yusifovun təyin etdiyi penalti çox ağır qərar oldu...
- Bu cür səhvlərdən yalnız futbol adamlarının danışması ayrıdır, sadə adamların danışması ayrı. Artıq sadə insanlar da hakimlikdən çox narazıdırlar. Görən deyir ki, hakimlərin "Neftçi"nin başına nə oyun açdığını gördün?
- Nə etmək lazımdır?
- Bunu hakimliyə nəzarət edən şəxslər məndən də yaxşı bilirlər. Bir şey düşünmək lazımdır. Fakt faktlığında qalır ki, hakimlikdən hər kəs narazıdır. "Xəzər Lənkəran", "Rəvan", "Neftçi" kimi klublar hər oyundan sonra hakimlikdən şikayətlənir. Hakimlər futbol ictimaiyyətini özlərinə qarşı qaldırırlar. Gələcəkdə buna görə neqativ hallar baş verə bilər. Ona görə də problemi tez bir zamanda aradan qaldırmaq lazımdır.
- Sizə elə gəlmir ki, "Qarabağ" "Neftçi" ilə oyunda gücünə qənaət edirdi?
- Bakılıların oyunu xoşuma gəldi. Gənc komandadır, sürətli oynamağı bacarırlar. Amma ağdamlıların gücünə qənaət etdiyini düşünmürəm. Sadəcə, mənə elə gəlir ki, onlar Avroliqa oyunlarından sonra çempionat görüşlərinə bir qədər arxayın çıxırlar. Ola bilər ki, Avroliqa matçı onlar üçün daha asan keçsin. Lakin çempionatda belə olmayacaq. Çünki bütün rəqibləri onlara qarşı əlavə motivasiya ilə çıxış edirlər. Bunu komanda üzvlərinin də yaxşı başa düşdüyünə əminəm.
- "Qarabağ" - "Anderlext" matçından nə gözləyirsiniz?
- Ağdamlıların qələbə qazanacaqlarına inanıram. Bəli, rəqib güclüdür. Amma "Qarabağ" ev oyunlarında inamlı çıxış edir və ümid edirəm ki, 3 xalı götürən tərəf biz olacağıq. Ona görə belə əmin danışıram ki, komandamızın gücünə bələdəm.
- Bəs "Qəbələ"nin Rusiya "Krasnodar"ı ilə səfər oyunundan uğurla qayıtması nə dərəcədə inandırıcıdır?
- Elə komandalar var ki, məhz Avroliqa oyunlarına üstünlük verirlər. "Krasnodar" da məhz belə komandadır. Onlar başa düşürlər ki, artıq Rusiya Premyer Liqasında nəyəsə nail ola bilməyəcəklər. Ona görə də tam güclərini Avroliqaya qoyublar. Krasnodarda hətta heç-heçə də etsək, bu, çox yaxşı nəticə sayılmalıdır.
