Sergey Zenyov: Qəbələnin Avroliqada konkret hədəfi yoxdur
"Qəbələ"nin forvardı Sergey Zenyov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya "Krasnodar"ı ilə səfər oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb:
- "Krasnodar"la görüşdən nə gözləyirsiniz?
- Rəqibimiz güclü komandadır, ağıllı futbol nümayiş etdirir. Amma öncədən nəsə demək çətindir. Hər şeyi oyun göstərəcək.
- Rusiya klubunun heyətində hansı futbolçunu xüsusi qeyd edə bilərsiniz?
- "Krasnodar"da güclü futbolçular çoxdur. Ona görə də konkret bir seçim etmək çətindir. Son dövlər Rusiya çempionatının bombardirlərindən biri Fedor Smolovdur. Onun çıxışını izləmişəm. Doğrudan da güclü futbolçudur.
- Bu komandaya səfərdə qalib gələ bilsəniz, qrupdan çıxmaq şanslarınızı xeyli artıra bilərsiniz?
- Bizim Avroliqanın qrup mərhələsi üçün konkret hədəfimiz yoxdur. Əsas hər oyuna qələbə üçün çıxmaq, sonadək mübarizə aparıb, 3 xal qazanmaqdır. Krasnodarda qələbə qazanmağın nə dərəcədə mümkün olduğunu zaman göstərəcək.
- Premyer Liqadakı son matçda "Rəvan"a qalib gəldiniz...
- Bu, bizim ilk böyükhesablı qələbəmiz idi. Nəticə bizi qane edir. Bu qələbəni "Krasnodar"la görüş öncəsi qazanmağımız yaxşı oldu.
- Sizi adətən oyunlardan sonra gülərüz görürdük. Amma bu gün Roman Qriqorçuk sizə nə deyibsə, bir qədər məyus görünürsünüz...
- Xeyr, hər şey qaydasındadır. Sadəcə, yorğunam. Qazon çox ağır idi. Oyunlarımız arasında fasilə də çox az olur. Hər şey yorğunluğun göstəricisidir.
- Siz də çempionluq uğrunda yalnız "Qarabağ"la "Qəbələ"nin mübarizə aparacağını düşünürsünüz?
- Biz çempionluq uğrunda sonadək mübarizə aparacağıq. Amma fikrimcə, bu mübarizəyə "İnter"lə "Neftçi" də qoşulacaq. Məsələn, biz "İnter"ə uduzduq. Hamı onların necə oynadığını görüb, bilir. Hər şey qarşıdadır.
