Dodo: Krasnodarın zəif çıxış etməsi Avroliqada da zəif oynayacağından xəbər vermir
"Qəbələ"nin yarımmüdafiəçisi Dodo Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Rəvan" üzərində 3:0 hesabıyla qalib gəldikləri görüşdən sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Bütün həftə ərzində oyuna çox yaxşı hazırlaşmışdıq. Çatışmazlıqlarımız üzərində də çalışmışdıq. Şadam ki, oyunda bunun bəhrəsini gördük və belə qələbə qazandıq.
- Əvəzlənməyiniz Avropa Liqasında qarşılaşacağınız Rusiya "Krasnodar"ı ilə oyuna hesablanmışdı?
- Fikrimcə, hə. Meydanı tərk edərkən baş məşqçi özümü necə hiss etməyimlə maraqlandı. Bildirdim ki, məndə hər şey qaydasındadır. Baş məşqçi həmçinin Aleksey Qayı da əvəzlədi. Əlbəttə, bizim üçün həm "Rəvan"la, həm də qarşıdakı Avroliqa matçı çox önəmlidir.
- "Krasnodar" son dövrlər elə də yaxşı təsir bağışlamır. Bu, sizin işinizi asanlaşdıra bilər?
- Hər bir komandada çatışmazlıqlar olur. Amma "Krasnodar"ın çempionatda zəif çıxış etməsi Avroliqada da zəif oynayacağından xəbər vermir. Rusiyada yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Komandanız bu oyuna psixoloji cəhətdən hazır ola biləcək?
- Biz bütün oyunlara yaxşı hazırlaşmağa çalışırıq. Futbolda 11 nəfər 11 nəfərə qarşı çıxış edir. Ona görə də istənilən rəqibə qarşı oynamaq mümkündür. Ancaq bunu deyə bilərəm.
- Şansları faizlə necə qiymətləndirə bilərsiniz?
- Deyə bilmərəm. Düzünü deyim ki, mən hələ "Krasnodar"ın oyununu görməmişəm, heç bir analiz aparmamışam və öncədən heç nə söyləyə bilmərəm. Əslində, mənim üçün rəqibin kimliyi önəmli deyil. Əsas bizim sərgilədiyimiz oyundur. Həmişə yaxşı futbol oynamağa, öz işimizin öhdəsindən layiqincə gəlməyə çalışırıq.
- "Qəbələ" Avroliqada güclü rəqiblərə qarşı çıxış etməsinə baxmayaraq, heç vaxt təmiz müdafiə futboluna üstünlük verməyib. "Krasnodar"la görüşdə də belə olacaq?
- Mən məşqçi olsaydım, hücum futboluna üstünlük verərdim. Çünki bizim çox güclü və istedadlı futbolçularımız var. Çox ağıllı və bilikli məşqçimiz var. O, rəqiblərimizin oyununu yaxşı "oxuyur". Roman Qriqorçukun özü də gözəl başa düşür ki, hansı komandaya qarşı necə oynamaq lazımdır.
