Toğrul Erat: Borussiyaya qarşı yaxşı oynasam, yığmaya dəvət ala bilərəm
Almaniyanın "Fortuna" klubunun yarımmüdafiəçisi Toğrul Eratın azerisport.az saytına müsahibəsi
- Yığma komandada sizi unudublar, ya siz yığmamızı?
- (gülür) Heç kim heç kimi unutmayıb. Mən yığma üzvləri ilə tez-tez söhbətləşirəm. Mən yığmanı unutmamışam. Daim yadımdadır.
- Almaniyada çıxış etsəniz də, millinin baş məşqçisi Robert Prosineçki sizi yığmamıza dəvət etmir. Sizcə, buna səbəb nədir?
- Yəqin ki, bu, "Fortuna"nın əsas komandasında oynamamağımdan irəli gəlir. Bu da normaldır.
- Əvvəllər sizi yığmaya dəvət etsələr də, özünüz gəlməmişdiniz. Niyə?
- Bəli, belə hal olmuşdu. Sadəcə, xəstə idim və ona görə də gələ bilmədim.
- Düsseldorf klubunun U-23 komandasında 8 oyunda 2 qola imza atmısınız. Çıxışınızı necə qiymətləndirərdiniz?
- İkinci komandada hücumçu kimi çıxış edirəm. Ona görə də işlərim yaxşı gedir, qollar da vururam. Komandamız hazırda dördüncü liqada ikinci yerdə gedir. Əsas komandamız da ikinci Bundesliqada. Şübhəsiz ki, çempionatlar arasında fərqlər var. Amma dördüncü liqanın oyunları da asan keçmir.
- Əsas komanda ilə məşq edirsiniz?
- Bəli. Sadəcə, məşqçi bizə şans vermir. Bu barədə heç nə deyə bilmərəm. Onun seçiminə hörmətlə yanaşıram. İkinci komandada yaxşı çıxış etməklə yenidən əsas heyətə dönməyi arzulayıram.
- Azərbaycan yığmasının oyunları ilə maraqlanırsınız?
- Əlbəttə. Xorvatiya və Malta ilə oyunları izlədim. Yığmamız hər iki görüşdə çox yaxşı çıxış etdi. Allah eləsin ki, İtaliya və Bolqarıstanla görüşlərdə də yaxşı oynayaq.
- Sizcə, Azərbaycan bu rəqiblərindən xal ala bilər?
- Hər iki oyun çox ağır olacaq. Amma mümkünsüz heç nə yoxdur. Həm İtaliyadan, həm də Bolqarıstandan xal ala bilərik.
- Sizi bu oyunlarda görə biləcəyik?
- Münhenqladbax "Borussiya"sına qarşı oyunda yaxşı oynasam və məşqçilər razı qalsalar, yəqin ki, məni də görüşlərdə görə bilərsiniz?
- Prosineçkinin köməkçisi Qordan Tsipriçin oyununuzu izləməyə gələcəyini bilirsiniz?
- Bu barədə öncədən xəbərim yox idi. İdman saytlarından oxudum. Çox sevindim.
- Yəqin ki, "Borussiya" ilə oyuna daha yüksək motivasiya ilə çıxacaqsınız...
- Bu oyuna da əvvəlki matçlara olduğu kimi hazırlaşıram.
- Prosineçki gənclərə üstünlük verir və gələcəyin komandasını qurur. Özünüzü bu komandada görürsünüz?
- Bəli, mən də gəncəm. Klubumda daha çox oynaya bilsəm, fikrimcə, Prosineçki mənə də şans verəcək.
- "Fortuna"dan getmək barədə düşünmürsünüz?
- İndiki zamanda yox. Transfer pəncərəsi açılan vaxt bu barədə düşünmək olar. Hər şey mümkündür.
