Samir Əliyev: Rəqiblərin qapımıza asan qollar vurması bizi narahat edir
"Neftçi"nin baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- "Xəzər Lənkəran"la heç-heçədən sonra komandada atmosfer necədir və "Qarabağ"la oyuna tam hazırsınızmı?
- Komandada demək olar ki, zədəli və cəzalı futbolçu yoxdur. Normal qaydada hazırlaşmışıq.
- Qarşıdakı oyun üçün əsas hədəf qələbə qazanmaqdır, ya uduzmamaq?
- Çətin oyun olacağını bilirik. Öz oyunumuzu qurmağa çalışacağıq. Amma təbii ki, rəqibin də necə oynadığını nəzərə alacağıq.
- "Neftçi"nin son oyunlarda artırdığı hiss olunur. Bəs siz özünüz komandanın çıxışından razısınız?
- Zaman keçdikcə komanda daha da artıracaq. Bu baxımdan artıq irəliləyiş hiss olunur. Xüsusilə son üç oyun belə deməyə əsas verir. Bizi ən çox narahat edən məqam qapımızdan çox asan qollar buraxmağımızdır. Buraxdığımız qollara nəzər yetirsək, sanki biz onları rəqiblərə hədiyyə edirik.
- "Qarabağ"ı qarşıda Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"inə qarşı oyun da gözləyir. Mümkündür ki, onlar sizə qarşı bütün güclərini sərf etməsinlər. Bu, sizin üçün üstünlük sayıla bilər?
- Düşünmürəm ki, "Qarabağ" aparıcı futbolçularını bizə qarşı oynatmasın. Çünki bizimlə oyundan sonra "Anderlext"lə görüşə hazırlıq üçün kifayət qədər vaxt olacaq.
- Yeni transferiniz Jayro əsas heyətdə oynamağa qadirdir?
- Ona istənilən halda şans veriləcək. Amma onun bu şansdan necə yararlanacağı özündən asılıdır. Biz Jayronu ona görə transfer etmişik ki, müdafiə xəttindəki rəqabəti daha da artıraq.
- Bu heyət "Neftçi"nin daha yüksək yerlər, çempionluq uğrunda mübarizə aparmasına imkan verir?
- Heyətimiz həm təcrübəli, həm də gənc futbolçulardan formalaşıb. Müəyyən çatışmazlıqlara baxmayaraq, biz istənilən rəqibə qarşı oynamağa hazırıq.
- "Xəzər Lənkəran"la oyunda buraxdığınız qol zamanı səhv qapıçı Mixal Peskoviçdə idi, ya Mellidə?
- Fikrimcə, Melli kimi təcrübəli futbolçu belə uşaq səhvi buraxmamalı idi. Amma bu, futboldur. Hətta dünya səviyyəli müdafiəçilər də səhvlərə yol verirlər. İstənilən halda biz Melliyə inanırıq. Onunla söhbətimiz də oldu.
