Dmitri Kramarenko: Qarabağ Anderlextə qalib gələ bilər
"Neftçi"nin qapıçılarla iş üzrə məşqçisi Dmitri Kramarankenonun azerisport.az saytına müsahibəsi
- Premyer Liqanın növbəti turunda komandanızı "Qarabağ"la oyun gözləyir. Bu görüşlə bağlı nə düşünürsünüz?
- Bu komandaların görüşü həmişə maraqlı keçir. Bu dəfə də prinsipial görüş olacaq. Hələ harada oynayacağımızı bilmirik. "Qarabağ"ın yeni stadionunda oynamağı çox istərdik. Birincisi, orada təbii ot örtüyüdür. İkincisi, yeni arenada oynamaq həmişə xoşdur. Xeyli azarkeş gələcək. Premyer Liqa matçını dolu tribunalar qarşısında keçirmək daha maraqlı olardı.
- "Neftçi" hələ parlaq oyun sərgiləmir. İndiki oyunla "Qarabağ"a qalib gəlməyiniz mümkündür?
- Komandamız yenidir, ona vaxt lazımdır. Buna baxmayaraq, hər görüşdə qələbəyə çalışırıq. Bu oyuna da yaxşı köklənmişik. Hamımız bu oyunu gözləyirik.
- Amma "Neftçi" daha zəif heyətə malik "Xəzər Lənkəran"a doğma meydanda qalib gələ bilmədi...
- Həmin oyunda biz uğursuzluqla üzləşdik. Amma bu dəfə daha güclü komandaya qarşı oynayacağımızı dərk edirik.
- Rusiya çempionatını yaxından izləyən biri kimi, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Krasnodar" barədə nə deyə bilərsiniz?
- Düzünü desəm, klubdakı işlərimə görə Rusiya çempiontını mütəmadi izləyə bilmirəm. Amma deyə bilərəm ki, "Krasnodar"la "Qəbələ" bərabər səviyyəli komandadır. "Qəbələ"nin Rusiyada uğur qazanmaq şansı var. Hər iki komanda iki cəbhədə mübarizə aparır. Güclünü müəyyənləşdirmək çətindir.
- "Qarabağ"ı da qarşıda "Anderlext"lə oyun gözləyir...
- Ağdamlılar Londonda "Tottenhem"ə qarşı oyunda uğur qazana bilərdilər. Sadəcə, uğur komandadan üz döndərdi. "Anderlext"lə oyunda qələbə qazanmaları yaxşı olardı. Qurban Qurbanovun komandası buna nail olacaq gücdədir.
