Elman Ələkbərov: Yığma komandamızın yaxşı gələcəyi var
Azərbaycan yığmasının sabiq baş məşqçisi Elman Ələkbərov millimizin AÇ-2016-nın final mərhələsinə vəsiqə qazanmasına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Bu dəfə AÇ-yə vəsiqə qazanmağımızın xüsusi yeri var. Çünki qapıda yerli qapıçı durmuşdu. Qolların da çoxunu yerli futbolçular vurdular. Mən bu komandaya inanırdım. Bu uşaqlarda potensial var. Baş məşqçi Tino Peresin də işi hiss olunur. Komanda daha səliqəli oynamağa başlayıb. Dəyişikliklər düşünülmüş idi. Güclü bir rəqibi mübarizədən kənarlaşdırdıq. Braziliyalıların komandadan uzaqlaşdırılması düzgün addımdır. Braziliyalılar burada yaşamayacaqlar. Yerlilərə güvənmək lazımdır. Ola bilər ki, hansısa mövqelərdə braziliyalılardan geri qalırlar. Amma onlara güvənməklə bu çatışmazlıqları aradan qaldırmaq mümkündür. Bizim futbolçularda daha çox özünəinam çatmır. Ardıcıl dördüncü dəfə AÇ-yə vəsiqə qazandığımız üçün federasiya rəhbərliyinə də təşəkkür düşür. Peresdən çempionluq gözləmək ədalətsizlik olar. İndi ona dəstək göstərmək lazımdır. Millimiz AÇ-də ilk növbədə sərgilədiyi oyunla yadda qalmalıdır. Fikrimcə, komandamız rəqiblərilə bərabər səviyyədə mübarizə apara biləcək. Bu komandanın yaxşı gələcəyi var".
