Zaur Axundov: Tino Peresin işindən razı olub-olmadığımdan danışmağım tezdir
Azərbaycan Futzal Federasiyasının prezidenti Tino Peresin azerisport.az saytına müsahibəsi
- AÇ-nin pley-off mərhələsi çərçivəsində Slovakiyaya qarşı cavab oyununu (1:1, ilk oyun 3:1) necə şərh edə bilərsiniz?
- Cavab oyunu gözlədiyimiz kimi çətin keçdi. Birinci hissədə 7-8 qol şansımız oldu. Amma komanda onların yalnız birindən yararlana bildi. İkinci hissədə rəqib beş meydan oyunçusu ilə oynamağa başladı və hesabı bərabərləşdirdilər. Asan olmadı. Lakin heç-heçə hesabını sonadək qoruya bildik.
- Millimiz artıq dördüncü dəfə ardıcıl AÇ-yə vəsiqə qazandı...
- Bu, Azərbaycan futzalı üçün böyük uğurdur. 2010-cu ildə uğurlu çıxış etdik, yarımfinala qədər irəlilədik. 2012 və 2014-cü illərdə qrupdan çıxa bilmədik. Gələn ilin fevralında yeni heyətlə uğurlu çıxış etməyə çalışacağıq. Serbiyada uğurumuzu daha da inkişaf etdirməliyik. Amma bundan öncə bizi dekabrda Xorvatiyada dünya çempionatının seçmə mərhələ oyunları gözləyir. Hazırda ilk növbədə bu oyunları düşünürük. Hədəfimiz ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaqdır.
- Braziliyalıların az olduğu, yerli futzalçıların daha çox üstünlük təşkil etdiyi millimiz buna nail olacaq gücdədir?
- Çətin olacaq. Amma komandamız özünü yaxşı tərəfdən göstərməyə çalışacaq. Millidə qalan braziliyalılara gəlincə, mən onları legioner adlandırmazdım. Onlar artıq bir neçə ildir Azərbaycanda yaşayırlar və yerli sayılırlar. Yerli və gənc futzalçılarımız üçün də onlarla birgə çıxış etmək böyük təcrübə qazandırır.
- Bu, Tino Peresin Azərbaycan yığması ilə ilk böyük uğurudur. Onun işindən razısınız?
- Hələ razı olub-olmadığımızı demək üçün tezdir. Qarşıda dünya çempionatının seçmə mərhələsi, AÇ-2016-nın final mərhələsi var. Onun işinə yalnız həmin turnirlərdən sonra qiymət vermək olar. AÇ-yə vəsiqəni ilk dəfə qazanmırıq. Düzdür, bu, uğurdur, amma bizim daha ciddi və yüksək hədəflərimiz var. Bunu ispaniyalı mütəxəssisin özünə də demişəm. Tino Peresin gələcək aqibətini məhz bu iki turnirdən sonra müəyyənləşdirəcəyik.
