Artim Şakiri: Qarabağın qrup ikincisi olacağına inanıram
"Qarabağ"ın sabiq futbolçusu Artim Şakiri Ağdam klubunun Avropa Liqasının qrup mərhələsindəki şansları barədə fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"ın bu mövsüm Avroliqadakı bütün oyunlarına baxmışam. Komandanın yenidən qrup mərhələsinə vəsiqə qazanması böyük uğurdur. "Tottenhem"lə qrup mərhələsinin ilk oyununu da izlədim. İngiltərə klubunun necə güclü olduğunu hamı yaxşı bilir. Amma "Qarabağ" onlara qarşı yaxşı oynadı. Əsas o idi ki, komanda rəqibindən çəkinmirdi. Hətta hesabı da ağdamlılar açdılar. Fikrimcə, çox yaxşı oynadılar. "Tottenhem"lə oyun "Qarabağ" üçün yaxşı təcrübə oldu. İnanın ki, böyük və təcrübəli komandalarla oynamaq çox yaxşıdır. Çünki belə rəqiblərə qarşı oyunlarda motivasiya çox yüksək olur. İnanıram ki, "Qarabağ"ın futbolçuları qarşıdakı "Anderlext"lə ev oyununda da yüksək motivasiyaya malik olacaqlar. Ümid edirəm ki, yaxşı nəticələrə imza atacaqlar. Futbolda mümkünsüz heç nə yoxdur. Həm də "Qarabağ" öz oyunu ilə daha böyük uğurlara layiq olduğunu göstərir. Komandanın qrupda ikinci yeri tutacağına inanıram. Nə qədər çətin qrupa düşsə də, "Qarabağ" növbəti mərhələyə çıxmağa qadirdir".
