Kaue: Qarabağa qarşı XL ilə görüşdəki kimi oynamayacağıq
"Neftçi"nin yarımmüdafiəçisi Kaue Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- "Xəzər Lənkəran"la oyun barədə nə deyə bilərsiniz?
- Oyuna yaxşı başladıq. Xeyli qol vəziyyəti yaratdıq. Birinci qol vurmağı bacardıq. Sadəcə, üstünlüyümüzü sonadək qoruya bilmədik.
- Niyə? Axı rəqib də azlıqda qalmışdı...
- Çox mənasız qol buraxdıq. Buraxdığımız kobud səhvin nəticəsi bizə baha başa gəldi.
- Oyundan sonra klub rəhbərliyindən kimsə komandanın paltardəyişmə otağına baş çəkdi?
- Xeyr, heç kim gəlmədi.
- Qarşıda sizi "Qarabağ"la oyun gözləyir...
- Çətin oyun olacaq. "Qarabağ" güclü komandadır. İndi onlar yüksək səviyyəli futbol sərgiləyirlər. "Neftçi" bu komandanı çoxdandır məğlub edə bilmir. Yaxşı hazırlaşmaq lazımdır ki, qarşıdakı görüşdə yaxşı çıxış edək.
- "Qarabağ"ın avrokuboklardakı çıxışını izləyirsiniz?
- Bu komanda bizim Premyer Liqadakı rəqiblərimizdəndir. Şübhəsiz ki, onların çıxışı ilə maraqlanıram.
- Bu gücdə "Qarabağ" "Neftçi"nin dişinə görədir?
- Keyfiyyətli komandadır. Amma hər bir oyuna ayrıca yanaşmaq lazımdır. "Qarabağ"a qarşı "Xəzər Lənkəran"la görüşdəki kimi oynamayacağıq.
