Toni Adams: Krasnodarla heç-heçə fantastik nəticə olacaq
"Qəbələ"nin idman direktoru Toni Adamsın azerisport.az saytına müsahibəsi
- "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını necə qarşıladınız?
- Komandanın qrup mərhələsinə çıxması mənim üçün sürpriz oldu. Çünki gözlədiklərimdən daha yaxşı nəticəyə imza atdılar. Bununla qürur duyuram. Mübarizəyə ilk təsnifat mərhələsindən başlamışdıq və qrup mərhələsinə bütün rəqiblərimizə qalib gələrək buna nail olduq. Qrup mərhələsində də layiqli çıxış etməyimiz lazımdır ki, qürur duymağımız üçün əsas olsun.
- Qrup mərhələsindəki şanslarınızı necə qiymətləndirirsiniz?
- Real yanaşsaq, qrupdan çıxmağımız çox çətin olacaq. Stressi bir kənara atıb, qrup mərhələsində oynamağımızdan həzz almağımız lazımdır.
- PAOK-la (Yunanıstan) ilk ev oyununuzda qolsuz heç-heçəyə nail olduğunuzu nəzərə alsaq, Rusiya "Krasnodar"u ilə görüşünüzdən nə gözləmək olar?
- "Krasnodar" da çətin rəqibdir. Bu komandanın Rusiya Premyer Liqasının son turundakı məğlubiyyəti də mənim fikrimi dəyişmir. Ruslarla səfərdə heç-heçəyə nail ola bilsək, bu, fantastik nəticə sayılacaq.
- PAOK-la oyunda meydana sadəcə, bir azərbaycanlı futbolçunun - Arif Daşdəmirovun çıxması sizi narahat etmir?
- Bu suala cavab vermək çətindir. Klubumuzun cəmi 10 yaşı var. Belə bir komandanın indi Avroliqanın qrupunda oynamasını heç kim gözləmirdi. İndi legionerlər üstünlük təşkil etsə də, təsnifat mərhələsində yerli futbolçuların uğur qazanmağımızda rolu böyük idi.
- Yeni mövsüm üçün qarşınıza hansı hədəflər qoyulub?
- Bu mövsüm Premyer Liqanın qalibi olmağı hədəfləmişik. Klub prezidenti məni bu posta ona görə təyin edib ki, Akademiyanı inkişaf etdirim, klubumuzun öz yetirmələrinin əsas komandaya qədər irəliləməsinə yardımçı olum. Bu yöndə fəaliyyətimizi davam etdiririk.
- "Qarabağ"ın "Tottenhem"lə oyunundan sonra İngiltərədə Azərbaycan futboluna dair fikirlərdə nə dəyişiklik olub?
- Bilirsiniz ki, İngiltərə mətbuatı ixtisaslaşıb. "Qəbələ", "Qarabağ", hətta "Krasnodar" onlara maraqlı deyil. Onları ancaq öz klubları maraqlandırır.
