Anar Nəzirov: Rəqiblərimizin adı bizi qorxutmamalıdır
"Zirə"nin qapıçısı Anar Nəzirov Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, 3:1 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib:
"Bizim üçün hər oyun vacibdir. Bütün oyunlara ciddi hazırlaşırıq və nəticələrimizi yaxşılaşdırmaq istəyirik. Sonadək mübarizə apardıq və qələbə qazandıq. Gündən günə bir-birimizi daha yaxşı başa düşürük. Beş turdan sonra 9 xal bizim üçün pis nəticə deyil. Çünki komanda yenicə bir araya gəlib. Hamımız komandada sabitliyin olmasına çalışırıq. Allah eləsin ki, mövsümü yaxşı yerlərdə başa vuraq. "Zirə" beş oyuna cəmi 4 qol vurub. Bu da hücumçuların komandaya yeni qoşulmasından irəli gəlir. Ola bilsin ki, onlar hələ komandaya tam uyğunlaşa bilməyiblər. Çox çalışırlar. İnşallah, bu əziyyətlərinin bəhrəsini görəcəklər. Qarşıda bizi "Xəzər Lənkəran", "Qarabağ" və "Qəbələ" ilə oyunlar gözləyir. Rəqiblərimizin adı bizi qorxutmamalıdır. Bizim üçün əsas öz oyunumuzdur. Azarkeşlərimizi yaxşı nəticələrlə sevindirmək üçün əlimizdən gələni edəcəyik".
