Ruslan Abışov: Gələcəyim Qəbələ ilə bağlıdır
"Qəbələ"nin müdafiəçisi Ruslan Abışov Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşü belə şərh edib:
"Çempionatda asan oyunlar olmur. Avropa Liqasındakı oyundan sonra heyətdə bir sıra dəyişikliklər edilmişdi. Amma istənilən halda çətin idi. Əsas qələbə qazanmaq idi. Ötən mövsüm "Qəbələ"də yaxşı il keçirmişdim. Lakin avrokuboklarda oynamaq mənə nəsib olmadı. Mövsümlərarası fasilədə "Xəzər Lənkəran"la yaxşı hazırlıq keçmişdim. Amma əfsuslar olsun ki, FİFA-nın məlum sanksiyası səbəbindən bu komandada çıxış edə bilmədim. Nəticədə, komandadan ayrılmaq məcburiyyətində qaldım. Artıq onlarla bağlı bütün planlarım keçmişdə qaldı. Gələcəyim "Qəbələ" ilə bağlıdır. Əvvəlki formamı yığmağa çalışacağam. Milliyə gəlincə, ölkənin bir nömrəli komandasında oynamağa həmişə hazıram. Baş məşqçi məni İtaliya ilə oyuna çağırsa, ad günümdə komandamıza kömək etməyə çalışacağam". (CBC)
