Əfran İsmayılov: Londonda uduzsaq da, layiqli oyun sərgilədik
"Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Həftə ağır oldu. Öncə Londona səfər, sonra da Gəncəyə. "Kəpəz"lə oyuna güc qalır?
- Azərbaycan çempionatının oyunlarını unutmuruq. Çünki Avropadaya yol məhz çempionatda uğur qazanmaqdan keçir. Avropada uğur qazanmaq istəyiriksə, Premyer Liqada mütləq nəticə qazanmalıyıq. Gəncədəki oyun asan olmayacaq. Heyətimiz genişdir. Baş məşqçi meydana bu görüşdə uğur qazana biləcək heyət buraxacaq.
- "Tottenhem"lə Avroliqanın qrup mərhələsindəki ilk oyununuz barədə nə deyə bilərsiniz?
- Maraqlı oyun alındı. Hesabı açmağa nail olduq. Amma sonradan rəqibə iki qol vurmağa imkan yaratdıq. İngilislər hər iki şansdan maksimum yararlandı. Məğlubiyyətə baxmayaraq, biz Londonda layiqli mübarizə apardıq. Uduzduğumuz üçün təəssüflənirik. Amma bu oyunu unudub, qarşıdakı oyunları düşünməliyik.
- Hesab oyuna görə oldu?
- Hər şey fərqli də ola bilərdi. Məsələn. Hesab 1:2 olarkən qol vurmaq üçün yaxşı şans əldə etsək də, bundan yararlana bilmədik. Qurban Qurbanovun dediyi kimi, matçın sonlarında 1:2 və ya 1:3 hesabıyla uduzmağın fərqi yox idi. Biz son dəqiqələrdə hücuma atılmışdıq ki, qol vuraq, ən azı bir xal qazanaq. Fikrimcə, bu oyun bizim üçün yaxşı təcrübə oldu.
- "Tottenhem"in futbolçuları sizin hücum futbolu oynayacağınızı gözləmədiklərini bildirirlər...
- Biz hər oyunda öz futbolumuzu göstərməyə çalışırıq. Top saxlamağı bacarırıq, belə olan halda hücumlar qurmağa da nail oluruq. Yenə deyirəm ki, məğlub olsaq da, yaxşı oynadıq. Belə davam etsək, yaxşı nəticələr qazana bilərik.
- İlk turdan sonra qrup sonuncusunuz. Bu, nədənsə xəbər verir?
- Hələ heç nə demir. Qarşıda beş tur var. Turun digər oyununda heç-heçə qeydə alınıb. Bu, bizim üçün yaxşı nəticədir. Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik.
