Samir Əliyev: Bu, Böyük oyundursa, hər iki klubun azarkeşləri stadiona buraxılmalıdır
"Neftçi"nin baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçiriləcək oyun öncəsi jurnalistlər üçün brifinq təşkil edib. Azerispot.az xəbər verir ki, "ağ-qaralar"ın çalışdırıcısı öncə bunları dilə gətirib:
- "Xəzər Lənkəran"la matça digər oyunlara hazırlaşdığımız kimi hazırlaşmışıq. Qapıçı mövqeyi ilə bağlı problemimiz var. Çünki Aqil Məmmədov zədəlidir. Ona görə də qapıda Mixal Peskoviç dayanacaq. Aylton da zədəlidir. Cənublulara gəlincə, heyətləri yenilənib. Daha çox gənclərdən yararlanırlar. Hər iki komanda əvvəlki qədər güclü heyətə malik deyil. Buna baxmayaraq, qarşıdakı oyuna maraq böyükdür. "Xəzər Lənkəran"ın indi zəiflədiyini deməzdim. Bizi istənilən halda çətin oyun gözləyir.
- Sabahkı oyunda nəyə ümid edirsiniz?
- Qələbəyə oynayacağıq. Hələ ki, xal qazanmağa çox çətinliklə nail oluruq. Amma buna borcluyuq. Sabahkı oyunda qələbə qazanmaq bizim üçün çox vacibdir. Bu oyunda qazanılacaq qələbə futbolçularımızda özünəinam hissini daha da artıra bilər. Dekabra qədər bu heyətlə oynamalıyıq. Qışda isə bir-iki yeni futbolçu almalıyıq. Böyük ehtimalla yeni transferlərimiz legioner olacaq. Qış qədər həm də hansı mövqelərin güclənməyə ehtiyacı olduğunu da müəyyənləşdirəcəyik.
- "Xəzər Lənkəran" azarkeşlərinin qarşıdakı oyuna buraxılmaması ilə bağlı qərarla bağlı fikirlərinizi bilmək istərdik...
- Bu qərara hörmətlə yanaşırıq. Amma bir halda ki, bu komandaların görüşlərinə "Böyük oyun" adı verilib, hər iki tərəfin azarkeşləri stadionda olmalıdır. Ümid edirəm ki, növbəti oyunlara qədər bu qərar dəyişər. Futbol azarkeşlər üçündür.
- Siz "Böyük oyun" statusunun özünü əvvəlki kimi doğrultmadığı fikri ilə razısınız?
- Böyük ölçüdə razıyam.
- Braziliyalı müdafiəçi Jayro barədə nə qərara gəldiniz?
- O, komandada qalacaq. Növbəti oyuna qədər sifariş edəcəyik.
- Komandaya yenidən legionerlər toplamağa başlamısınız?
- Xeyr. Daha çox gənclərə şans veririk. Amma gənclər də özlərini doğrultmalıdırlar.
