Dodo: Qəbələyə sadəcə, qol çatmadı
"Qəbələ"nin yarımmüdafiəçisi Dodo Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan PAOK-una qarşı oyundan (0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Qrup mərhələsinə heç-heçə ilə başladınız. Daha yaxşısına nail ola bilərdiniz?
- Heç də pis oynamadıq. Əlbəttə, biz də bu oyundan qələbə ilə ayrılmaq istəyirdik. Hərdən elə oyun olur ki, qol vurmaq üçün əlindən gələni etdiyin, çox yaxşı futbol sərgilədiyin halda buna nail ola bilmirsən. Bəzən də heç yaxşı futbol oynamadığın halda qollar vura bilirsən. Biz bu dəfə yaxşı oynadıq, sadəcə, qol vura bilmədik.
- Özünüzün və komandanızın çıxışını necə qiymətləndirə bilərsiniz?
- Bu görüşdə tək mən yox, bütövlükdə komandamızın hər bir üzvü maksimum güc sərf etdi.
- Fasilədən sonra meydana çıxan Fakundo Pereyra ilə meydanda ümumi dil tapmaq çətin olmadı ki?
- O, çox yaxşı, yüksək səviyyəli futbolçudur. Fikrimcə, Pereyra komanda ilə yaxşı uyğunlaşdı. Zamanla hər şey daha yaxşı olacağını düşünürəm.
- Zədə alaraq əvəzləndiniz. Vəziyyət ciddidir?
- Xeyr, elə də ciddi zədə deyil. Sadəcə, bir qədər ağrı hiss etdim. Bir-iki günə hər şey qaydasına düşər.
- Pley-offda qarşılaşdığınız digər Yunanıstan təmsilçisi - "Panatinaikos"la da Bakıda qolsuz heç-heçəyə razılaşmışdınız. Hansı ilə oynamaq daha çətin idi?
- "Qəbələ" PAOK-la "Panatinaikos"a qarşı sərgilədiyi oyundan pis çıxış etmədi. PAOK-la oyunda daha artığına nail ola bilərdik. Bunun üçün sadəcə, qol çatmadı.
- Afinada hansı nəticəyə ümid etmək olar?
- Daha yaxşı oyun və nəticəyə nail olmaq istəyirik.
