Aleksey Qay: Bunu aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik
"Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Qay Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanın PAOK klubuna qarşı keçirdikləri oyundan (0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Qələbə qazanmağınız üçün nə çatmadı?
- Fikrimcə, birinci hissədəki oyunumuz elə də yaxşı alınmadı. Emosiyalar daha çox hiss olunurdu. İkinci hissədə isə artırdıq və uğur qazanmaq üçün şanslarımız da oldu.
- Bu gün "Qəbələ"nin iki xal itirdiyini deyə bilərik?
- Əlbəttə, qol vəziyyətlərimiz var idi. Amma qalib gəlmədiyimizə görə üzülməyə dəyməz. Optimist olmalı və növbəti oyunlarımıza baxmalıyıq.
- Premyer Liqa və Avroliqada fərqli heyətlərlə çıxış etməyiniz "Qəbələ"nin oyununa nə dərəcədə təsir göstərir?
- Bunun çıxışımıza elə də ciddi təsir etdiyini düşünmürəm. Yaxşı heyətə malik olmağımız rotasiyaya əl atmağa imkan yaradır. Bu da futbolçuları daha böyük yüklənmədən xilas edir.
- Derlis Meza Kolli ilə ilk oyunda anlaşmanızın aşağı səviyyədə olduğu hiss edilirdi...
- Derlis yaxşı futbolçudur. O, meydanda nəyi necə etmək lazım olduğunu yaxşı bilir.
- "Qəbələ" hücumlarını niyə məntiqli sonluqla, qapıya zərbə ilə tamamlaya bilmir?
- Görünür, ön xəttlə bağlı daha çox çalışmağımız lazımdır. Bu baxımdan vəziyyəti yaxşılaşdırmaq üçün əlimizdən gələni edəcəyik.
