Vitali Vernidub: Qəbələnin hər oyundakı hədəfi qələbə qazanmaqdır
"Qəbələ"nin müdafiəçisi Vitali Vernidub Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan PAOK-una qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Çempionatda "İnter"ə məğlubiyyət PAOK-la görüş öncəsi əhvalınızı korlamayıb?
- İstənilən məğlubiyyət əhvalı korlayır. Çünki biz hər oyunda maksimum nəticəyə nail olmaq istəyən komandanın üzvləriyik. Bizə qələbə lazım idi. Amma buna nail ola bilmədik. Lakin bu məğlubiyyətin bizi ruhdan saldığını deməzdim. Çünki Avroliqada işlərimiz yaxşı gedir.
- "Qəbələ"nin məğlubiyyətinə nə səbəb oldu?
- "İnter" yaxşı komandadır. Üstünlük bizim əlimizdə idi. Amma bundan yararlana bilmədik. Bir sözlə, rəqiblə bacarmadıq.
- Bəlkə rəqib taktiki cəhətdən sizi üstələdi?
- Taktiki məsələlərlə bağlı sualları cavablandırmaq mənim işim deyil. Məğlubiyyətin əsas səbəbkarları biz futbolçularıq. Çünki buraxdığımız səhvlər nəticəsində belə məğlubiyyətlə üzləşdik. Oyunu analiz edib, nəticə çıxaracağıq.
- PAOK-la oyundan nə gözləyirsiniz?
- Bu oyuna yaxşı hazırlaşmışıq. Rəqibimiz sıradan komanda deyil. Amma biz bir neçə dəfə göstərmşik ki, ciddi komandalara qarşı yaxşı oynamağı, nəticə qazanmağı bacarırıq.
- Deməli, bu gün sizi ancaq qələbə qane edəcək?
- Bəli, bütün oyunlarda olduğu kimi. Qarşımıza hər oyunda belə hədəf qoyulur. Necə alınacağını görəcəyik.
