Bədavi Hüseynov: Rəqibin Adebayordan daha təhlükəli hücumçuları var
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Avropa Liqasının qrup mərhələsi çərçivəsində İngiltərənin "Tottenhem" klubuna qarşı səfər oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- "Qarabağ"dan Londonda hansı nəticəni gözləyək?
- "Tottenhem" güclü klubdur. Bizi titullu komanda ilə çətin oyun gözləyir. Ona görə maksimum diqqətli oynamalıyıq. Çünki rəqibin hücum xətti çox güclüdür.
- Yəqin ki, bu oyunda da əks-hücum futboluna üstünlük verəcəksiniz...
- İngiltərə klubuna qarşı necə oynayacağımızı Qurban Qurbanov bizə deyəcək.
- "Xəzər Lənkəran"a qarşı keçirdiyiniz son çempionat oyununda qələbə qazanmağınız yəqin ki, atmosferi daha da yaxşılaşdırıb...
- Həmin oyun da asan keçmədi. "Xəzər Lənkəran"ın heyətində çoxlu legioner var idi. Onlar da özlərini yaxşı tərəfdən göstərmək istəyirdilər. Xüsusilə son dəqiqələr çox gərgin keçdi. Amma yaxşı ki, bir qol vuraraq qələbə qazanmağa nail olduq.
- Qolu yeni transfer Samuel Armenteros vurdu. Bu, onun üçün "Tottenhem"lə oyunda əlavə motivasiya sayıla bilər?
- Biz onun ilk oyundaca qol vurmasına sevindik. Çünki bu, psixoloji baxımdan ona çox kömək edəcək. Armenteros komandaya daha tez uyğunlaşa biləcək. Fikrimcə, o, "Qarabağ"a çox fayda verəcək.
- "Tottenhem"in İngiltərə Premyer Liqasındakı son matçını izləmisiniz?
- Bəli, bir neçə oyununa baxmışam. Onların güclü hücum xətti var və istənilən vaxt rəqib qapısı qarşısında təhlükə yarada bilirlər.
- Emmanuel Adebayorun bu komandanı tərk etməsini necə qarşıladınız?
- Onun gedişinin bizə kömək edəcəyini düşünmürəm. Adebayor ötən mövsüm "Tottenhem"un heyətində elə də yaxşı oynamamışdı. Amma londonluların heyətində ondan da güclü və təhlükəli hücumçular var.
- Nə vaxtsa təsəvvür edirdiniz ki, "Tottenhem"ə qarşı oynaya bilərsiniz?
- Etiraf edim ki, heç vaxt Londonda yerli klublardan birinə qarşı oynayacağımı düşünməmişdim. Amma zamanı gəlib və biz burdayıq.
