İqor Tudor: Ona uğurlar arzulayıram, sabah bizə qarşı oyun istisna olmaqla
Yunanıstanın PAOK klubunun baş məşqçisi İqor Tudor Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi xorvatiyalı mütəxəssisin açıqlamaları ilə tanış edir.
- "Qəbələ" ilə oyundan nə gözləyirsiniz?
- Bu komanda "Panatiaikos"u mübarizədən kənarlaşdırmağa nail olub. Ona görə də diqqət və hörmət tələb edir. Təcrübələri az olsa da, istənilən rəqibə problem yarada bilərlər. Bütün mövqelər üzrə əla komplektləşmiş komandadır. Biz hər oyunda qələbə qazanmaq istəyirik. Amma bu, həmişə mümkün olmur.
- PAOK-un bu avrokuboklar mövsümündə səfərdə qələbə qazana bilməməsi nə ilə bağlıdır?
- Yaxşı oynamaqla nəticə qazanmaq fərqlidir. Rəqibdən, hakimdən, meydançanın vəziyyətindən də çox şey asılıdır. Biz evdə və ya səfərdə çıxış etməyimizdən asılı olmayaraq, həmişə bir üslubda oynamağa çalışırıq. Rəqibimiz hətta "Barselona" da olsa, matça bir hədəflə çıxırıq - qələbə qazanmaq.
- "Panatinaikos"a vurulan hər iki qolun müəllifi Dodoya qarşı xüsusi diqqət yetirmək haqda düşünmüsünüz?
- "Qəbələ"nin "Panatinaikos"la hər iki matçını izləmişəm. Bəli, Dodo əla oynamışdı. Amma sabahkı oyun üçün planlarımızı indi açıqlamaq istəmirəm.
- PAOK-un yarımmüdafiəçisi Fakundo Pereyra bir müddət öncə "Qəbələ"yə keçdi. Düşünmürsünüz ki, o, sizə qarşı xüsusi motivasiya ilə oynayacaq?
- Əlbəttə, bu, mümkündür. Fakundo yaxşı futbolçudur. Ona "Qəbələ"də uğurlar arzulayıram, bircə sabah bizə qarşı oyunda yox.
- "Qəbələ"nin qrup mərhələsinə məhz Yunanıstan klubunu məğlub edərək vəsiqə qazanması sizin üzərinizdə təzyiq yaratmır?
- Təzyiq həmişə var. Bu barədə futbolçularımızla da söhbət etmişəm.
- Dimitar Berbatov sabah oynayacaq?
- Oyundan asılı olacaq. Amma matça ehtiyat oyunçular skamyasından başlayacaq. Berbatov uzun müddət idi oynamırdı. Onun optimal formaya düşməsinə ehtiyac var.
- Azərbaycan yığmasını çalışdıran həmyerliniz Robert Prosineçki ilə söhbətiniz olmayıb?
- Prosineçkiylə danışmışam. O, ilk növbədə mənim dostumdur. Robert həm də yaxşı məşqçidir. Ona Azərbaycan yığmasının sükanı arxasında uğurlar arzulayıram.
