Ramaldanov: Nadirovla Abışov gələcək karyerasını düşünməyə borclu idi
"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanov Topaz Premyer Liqasının 4-cü turunda "Qarabağ"a uduzduqları (0:1) oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyuna yaxşı hazırlaşmışdıq. Matç ərəfəsində çox pis xəbər aldıq. FİFA yeni transferlərimizin qışadək bizə kömək etməyəcəyini açıqladı. Bu, bizi çox məyus etdi. Amma bütün bunlara baxmayaraq, layiqli mübarizə apardıq, maksimum güc sərf etdik. Ələ düşən qol şanslarından yararlanmağımıza sadəcə, təcrübə çatmadı. Artıq "Qarabağ"la oyun geridə qalıb. İndi qarşıdakı matçlara baxmalıyıq".
Ramaldanov Vüqar Nadirovla Ruslan Abışovun komandadan ayrılmasına da münasibət bildirib: "Nə deyə bilərəm ki? Gözəl kollektivimiz var idi. Onlarla çox şeyə nail ola bilərdik. Təəssüf ki, rəsmi oyunlarda həmin kollektivlə mübarizə aparmağımıza imkan verilmədi. Bu, futboldur. Komandamızda oynamasına icazə verilməyən futbolçular da öz gələcək karyeralarını düşünməlidirlər. Onlar sabit çıxış etmək istəyirlər. 2016-cı ilə qədər futbolsuz qalmaq hər bir futbolçuya çətin olardı".
