Rizvan Fərzəliyev: Bu oyun bizim üçün finala bərabərdir
Futzal üzrə Azərbaycan yığmasının kapitanı Rizvan Fərzəliyev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün Slovakiyaya qarşı keçirəcəkləri ilk pley-off matçı öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Slovakiya ilə oyunlara hazırsınız?
- Bu oyuna çoxdan hazırlaşırıq. Son həftələrdə daha ciddi toplanış keçirdik. Dörd yoxlama oyununda qüvvəmizi sınadıq. Fikrimcə, bu komanda ilə görüşlərə tam hazırıq. Bugünkü matç bizim üçün finala bərabərdir.
- Evdə keçirəcəyiniz ilk oyunda sizi hansı nəticə qane edəcək?
- Öz meydanımızda qələbə qazanmağa çalışacağıq. Cavab matçının Slovakiyada keçiriləcəyini nəzərə alsaq, top fərqində üstünlük əldə etməyimiz, qol buraxmamağımız lazımdır. Bunun üçün isə müdafiədə maksimum diqqətli, hücumda dəqiq oynamalıyıq. Doğma meydanda oynamağımız üstünlükdür. Bu üstünlükdən yararlanmaq lazımdır. Azarkeşlərin dəstəyinə ehtiyacımız var. Uğurlu başlasaq, davamı da gələcək.
- Slovakiya yığması barədə nə bilirsiniz?
- Bu komandanın əsasını "Slov Matik" klubunun oyunçuları təşkil edir. Yeni baş məşqçiləri var, gəncləşdirmə siyasəti aparırlar. Bir növ bizdəki kimidir. Sürət baxımından artırıblar. Son oyunlarına baxmışam. Meydanda çox qaçırlar. Amma rəqibi yaxşı analiz etmişik.
- Uzun fasilədən sonra futzal yenidən Bakı İdman Sarayına qayıdır. Orada oynamaq necədir?
- Bu, bizim üçün doğma arenadır. İndi bu arena daha da müasirləşib. Ümid edirəm ki, yenə bizim üçün düşərli məkan olacaq. "Sərhədçi" bu baxımdan bizim üçün elə də düşərli olmurdu. Köhnə-yeni arenamıza qayıdışımızı isə qələbə ilə qeyd etməliyik.
