Aylton: Rəvanın oyunçusunu yıxmaqla düzgün addım atdım
"Neftçi"nin müdafiəçisi Aylton Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyundan (3:1) sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Bizim üçün yaxşı oyun alındı. Ələ düşən şanslardan yararlandıq və inamlı qələbə qazandıq.
- Qırmızı vərəqə aldığınız epizodu necə dəyərləndirə bilərsiniz?
- Hakim mənə birinci sarı vərəqəni göstərərkən səhv etmişdi. Amma ikinci sarı vərəqəyə söz ola bilməzdi. Təəssüf ki, qırmızı vərəqə aldım, komandamı azlıqda qoydum.
- Bu, "Neftçi"nin cari mövsümdək ikinci qırmızı vərəqəsidir. Çox deyil ki?
- Mən həmin epizodda rəqib futbolçunu yıxmasaydım, qol buraxa bilərdik. Fikrimcə, düzgün addım atdım.
- İstənilən halda siz qırmızı vərəqə aldıqdan sonra komandanız qol buraxdı...
- Mən komandama inanırdım. Futbolçularımız məni pis vəziyyətdə qoymadılar.
- Qarşıda "Xəzər Lənkəran"la oyun var...
- Çox təəssüflənirəm ki, belə bir prinsipial qarşılaşmada iştirak edə bilməyəcəyəm. Ümid edirəm ki, komandamız uğurlu görüş keçirəcək və növbəti müsbət nəticəyə imza atacaq.
