Anyete: Neftçidə ilk qolumu Xəzər Lənkərana vurmağa çalışacağam
"Neftçi"nin hücumçusu Anyete Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyundan (3:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Birinci hissəni yaxşı keçirdik. İkinci hissədə isə tempi aşağı saldıq. Bir futbolçumuzun meydandan qovulması işimizi çətinləşdirdi. Amma qələbə qazandıq və hazırda özümüzü yaxşı hiss edirik.
- "Xəzər Lənkəran"la qarşıdakı prinsipial oyuna itki ilə çıxmalı olacaqsınız...
- Bəli, Ayltonu itirdik. Amma böyük komandalarda həmişə yaxşı futbolçuların sayı çox olmalıdır ki, belə olan hallarda itkiləri hiss etdirməsin.
- "Neftçi" azarkeşləri bu oyunda tez-tez "Xəzər Lənkəran"ın əleyhinə şüarlar səsləndirirdilər. Siz onların nə qışqırdığı ilə maraqlanmadınız?
- Komanda yoldaşlarımın sözlərindən belə başa düşdüm ki, bizi qarşıdakı turda vacib oyun gözləyir. "Rəvan"la oyun artıq keçmişdə qaldı. "Xəzər Lənkəran"la oyuna köklənəcəyik.
- Nə vaxt qol vurmağa başlayacaqsınız?
- "Rəvan"la oyunda qol vurmaq istəyirdim. Amma şəxsən mənim qol vəziyyətim olmadı. İlk qolumu "Xəzər Lənkəran"a vurmağa çalışacağam.
- Yəqin ki, azarkeşlərin növbəti turda "Xəzər Lənkəran"a məğlub olacağınız halda sizi bağışlamayacağını başa düşdünüz...
- Bu barədə heç düşünmək də istəmirəm. Bu, futboldur. Əlimizdən gələni edəcəyik ki, müsbət nəticə qazanaq.
