Rahid Əmirquliyev: Xəzər Lənkəranı tərk etməyim mümkündür
"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan (0:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- "Qarabağ"a çox ciddi müqavimət göstərə bilsəniz də, qapınızı sonadək toxunulmaz saxlaya bilmədiniz...
- FİFA-nın artıq hamıya bəlli olan qərarı bizə çox pis təsir etdi. Amma buna baxmayaraq, çempionla oyunda layiqli futbol göstərmək istəyirdik. Təəssüf ki, xal qazana bilmədik. Ən azı uduzmamaq istəyindəydik. Alınmadı.
- Bundan sonra nəyə ümid edirsiniz? Yeni transferlər qışa qədər olmayacaq...
- Biz ötən mövsüm demək olar ki, elə bu heyətlə oynayırdıq. Komandamıza çox çətin olacaq. Hər oyunda mübarizə aparmağa, layiqli oyun sərgiləməyə çalışacağıq.
- "Xəzər Lənkəran"ın bu mövsüm də avrokuboklara vəsiqə qazanmaq şansının azaldığını demək olar?
- Bu, futboldur. Müsbət nəticələrə imza atmaq üçün əlimizdən gələni edəcəyik. Amma buna nail olmaq çox çətin olacaq.
- İkinci hissədə heç rəqib qapısına zərbə də vura bilmədiniz...
- Nə edə bilərik? Ya gərək ümumiyyətlə oynamayasan, ya da meydana çıxmısansa, əlindən nə gəlirsə, onu da etməlisən.
- Çempionluq uğrunda mübarizə apardığınız mövsümlər üçün darıxmırsınız?
- Əlbətə, darıxıram. Hər bir futbolçu çempion olmaq, avrokuboklarda oynamaq istəyər. Amma bizim indiki vəziyyətimiz hər kəsə məlumdur.
- Komandanızı dəyişmək barədə düşünmürsünüz?
- Hələ ki, klubumla müqaviləm var. "Xəzər Lənkəran"ın futbolçusuyam. Amma bu, futboldur, hər şey mümkündür.
