Aleksey Antonov: Azərbaycan mətbuatı ilə heç bir problem istəmirəm
"Qəbələ"nin hücumçusu Aleksey Antonov Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyundan (1:2) sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Sizin Ukrayna mətbuatına müsahibənizdə azərbaycanlı jurnalistlərin ünvanına səsləndirdiyiniz fikirlər böyük rezonansa səbəb oldu...
- Niyə?
- Siz açıq şəkildə bildirmişdiniz ki, adekvat olmayan suallar verirlər...
- Bəli demişdim və misal da çəkmişdim. Amma azərbaycanlı jurnalistlərin elə suallar verdiyini düşünmürəm. Ümumiyyətlə, mən müsahibəmdə pis heç nə deməmişdim. Çünki burada heç vaxt pis nə iləsə qarşılaşmamışam.
- Bəs xəbəriniz var ki, azərbaycanlı jurnalistlər siz üzr istəyənə qədər boykot etməyə qərar veriblər?
- Bu, sizin haqqınızdır. Amma mən elə bir pis söz deməmişəm ki, hamınız küsəsiniz. Sadəcə, Azərbaycanda mənə verilən bir sual xoşuma gəlməmişdi. O da mənim oyunumla bağlı idi.
- Siz doğrudan da düşünürsünüz ki, jurnalistlər oyununuzla bağlı sizə sual verə bilməz?
- Məsələ burasındadır ki, bu, həmin anda mənə sual formasında deyilməmişdi. Birbaşa pis oynadığımı demişdilər.
- Bəs jurnalist belə düşünürsə və sizin fikrinizi öyrənməyə çalışırsa, onun buna haqqı çatmır?
- Axı mən jurnalistlərin işini qiymətləndirmirəm.
- Bizim işimiz bu və ya digər futbolçunun oyununa qiymət verməkdir...
- Belə çıxır ki, mən də sizin işinizə qiymət verə bilərəm? (gülür)
- Bu, sizin işinizdir. Amma bir halda da ki, siz burada oynayırsınız, oyununuza jurnalistlər də qiymət verə bilər...
- Mən hesab edirəm ki, bu qalmaqalı böyütmək lazım deyil. Qalmaqala heç bir əsas da yoxdur. Mən heç kimi küsdürmək və ya təhqir etmək fikrində olmamışam. Azərbaycan mətbuatı ilə də heç bir problem istəmirəm. Sizə ilk dəfə müsahibə vermirəm. Sizin haqqınızda heç yerdə pis söz danışmamışam və azərbaycanlı jurnalistlərin pis olduğunu da düşünmürəm.
- "İnter"ə məğlubiyyətlə bağlı nə deyə bilərsiniz?
- Uduzmağımız çox pis oldu. Bunu analiz edəcəyik. Səhvlərə yol verdik. Bütövlükdə, pis oynamadığımızı düşünürəm.
- Qələbə üçün nə çatışmadı? Təsadüfən bu uğursuzluğa artıq Avroliqa çərçivəsində Yunanıstan PAOK-u ilə oyunu düşünməyiniz səbəb olmadı?
- Xeyr. Bu barədə düşünmək hələ tezdir. Sadəcə, bu oyunda erkən qol buraxdıq. İkinci qolu buraxdıqdan da sonra oyunda dönüş yaratmaq çətinləşdi.
- Bu məğlubiyyət yunanlarla görüş öncəsi komandaya mənfi təsir etməyəcək?
- Səhvlərimizi aradan qaldırmağa və bu məğlubiyyəti mütləq unutmağa çalışacağıq. Artıq növbəti matça hazırlaşmağımız lazımdır.
