Tərlan Əhmədov: Gəncəyə üç xal üçün gəlmişik
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlk üç turda məğlub olmuşuq. Baxmayaraq ki, sərgilədiyimiz oyuna görə buna layiq deyildik. Komandamız yenidir. Maliyyə çətinliklərimiz var. Bu da təbii ki, problemlər yaradır. "Kəpəz" "Qəbələ" və ya "Qarabağ" deyil. Gəncə klubu da yeni formalaşıb. Gəncəyə üç xal üçün gəlmişik. Xal qazanmağa başlamaq istəyirik. Dönüş etmək lazımdır. Zədəlimiz yoxdur. Komandada cəmi bir itki var, o da mənəm (gülür). Çünki diskvalifikasiya səbəbindən matçı tribunadan izləməli olacağam.
Komandamızda iki yeni futbolçu da var. Onlar Yain Hamad və Aleksandr Qurulidir. Ukraynalı hücumçu bizimlə Gəncəyə gəlib və komandaya kömək edə biləcək. Gürcü futbolçu isə hələ fiziki cəhətdən tam hazır deyil. O, bizə kömək edə bilmir".
