Tino Peres: Ümid edirəm ki, bu arena yığmamıza düşərli olacaq
Futzal üzə Azərbaycan yığmasının baş məşqçisi Tino Peres AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Slovakiyaya qarşı keçiriləcək ilk pley-off matçı öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Slovakiya ilə oyuna hazırlıq necə keçir?
- Hələ ki, hər şeydən razıyam. Dörd yaxşı yoxlama oyunu keçirdik. Fiziki cəhətdən də yaxşı hazırlıq keçmişik. Texniki-taktiki gedişlərlə bağlı hazırlığımız olub. Hazırda həm dörd, həm də beş meydan oyunçusu ilə hücum qurmaq və müdafiə olunmaqla bağlı məşqlər keçirik.
- Belarus və Türkmənistanla yoxlama oyunlarına dair nə deyə bilərsiniz?
- Belə oyunlarda qələbə həmişə vacibdir. Amma müəyyən məqamlar var ki, onlarla bağlı çalışmağımız lazımdır.
- Sizə elə gəlmir ki, qısa müddət ərzində onları aradan qaldırmaq asan olmayacaq?
- Slovakiya ilə ilk oyuna qədər hər şey qaydasında olacaq.
- Millimiz qrup mərhələsi çərçivəsində Ukraynaya liderliyi uduzduğu dövrlə müqayisədə indi güclənib?
- İndi biz daha yaxşı formadayıq. Son həftələrdə çox çalışırıq. İndi isə bunun nəticəsini görməliyik.
- Rəqiblə bağlı nə fikirdəsiniz?
- Məncə, Slovakiya Ukraynadan zəifdir. Onların səviyyəsi bizim üçün uyğundur.
- İlk oyundan çox şey asılı olacaq. Bakıda hansı nəticəyə ümid edirsiniz?
- Qələbə qazanmalıyıq. Amma hansı hesabla, bunu deyə bilmərəm. Əsas öz meydanımızdakı oyundan qalib ayrılmaqdır. Hesab isə elə olmalıdır ki, cavab matçında özümüzü komfortlu hiss edək.
- Yığmamız son illərdə "Sərhədçi"də oynayırdı. Slovakiya ilə oyun isə Bakı İdman Sarayında baş tutacaq...
- Bu arenanı görmüşəm. Çox gözəldir. Şadam ki, oyunumuz məhz bu arenada baş tutacaq. Yeri gəlmişkən, bu gün orada ilk məşqimizə çıxacağıq. Ümid edirəm ki, bu arena bizim üçün uğurlu olacaq.
