Zaur Svanadze: Qəbələ ilə oyunda bizi ancaq qələbə qane edəcək
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Çempionatdakı üç həftəyə yaxın fasilədən necə yararlandınız?
- Bizim üçün hər şey yaxşı keçdi. Bir həftə Tiflisdə hazırlaşdıq. Orada bir yoxlama oyunu da oynadıq. "Quriya" ilə qarşılaşmada 2:1 hesablı qələbə qazandıq.
- Bu fasilə sizin ürəyinizcə oldu?
- Düzünü desəm, belə fasiləyə ehtiyacımız var idi. İstirahət edə və yaxşı hazırlaşa bildik.
- Son dövrlər daha çox "Qarabağ"la "Qəbələ"dən söhbət açılır, "İnter"in maliyyə problemləri unudulub. Əslində vəziyyət necədir?
- Hələ ki, heç bir çətinlik hiss etmirik. Artıq yalnız oyunumuzu yaxşılaşdırmaq barədə düşünürük, kənar amillər haqda yox.
- "İnter" həmişə "Qəbələ" ilə oyunların favoriti hesab olunardı. Amma sabah "Qəbələ" aşkar favoritdir...
- "Qəbələ" çox güclənib və Avropa Liqasında əla çıxış edir. Bizim üçün çox çətin oyun olacaq. Amma biz də yaxşı mübarizə aparıb, nəticə qazanmağa ümid edirik.
- Hər halda indiki "İnter"in səviyyəcə bu rəqibindən geri qaldığı fikri ilə razısınız?
- Qarşıdakı matç göstərəcək. Burada mübahisəli məqamlar var. Amma bir şeyi dəqiq bilirəm - onların yaxşı oyunçuları çoxdur. Böyük imkanlara malikdirlər. Bizdə isə nə var, odur...
- "Qəbələ" gələn həftə Avroliqanın qrup mərhələsində ilk matçına çıxacaq və demək olar ki, indidə Yunanıstan PAOK-u ilə oyunu düşünür. Bu, sizin işinizi asanlaşdıra bilər?
- Bu, heç nəyi dəyişmir. Onların yaxşı oyunçuları çoxdur. Seçim yetərli olanda dediyiniz məqamların heç bir təsiri olmur.
- Hansı nəticə sizi qane edəcək?
- Ancaq qələbə. Öz meydanımızda çıxış ediriksə, istənilən halda qələbəyə oynamalıyıq.
