Ruslan Qurbanov: Azərbaycana gələndə heç çörək pulum da yox idi
Azərbaycan yığmasının və "Neftçi"nin hücumçusu Ruslan Qurbanovun azerisport.az saytına müsahibəsi
- Qarşıdakı "Rəvan"la oyununuz barədə nə deyə bilərsiniz?
- "Rəvan"ın necə yaxşı komanda olduğunu bilirik. Üç xal qazanmağa çalışacağıq. Bu, bizim üçün çox vacibdir. Yığmadan qayıdandan sonra yalnız dünən klubla məşqlərə start verdik. Amma komandamızda hər şey yaxşıdır.
- Yığma üzvlərinin gec qayıtması hazırlığa mənfi təsir etməyəcək?
- Düşünmürəm. Çünki biz də millinin düşərgəsində məşq edirdik. Oyuna qədər hələ iki gün var. Problem olmayacaq.
- Yeni transferlər barədə nə düşünürsünüz?
- Təcrübəli oyunçulardır. Ustalıqları da yerində. Ümid edirəm ki, komandaya faydaları çox olacaq.
- Yəqin ki, turnir cədvəlindəki yeriniz ürəyinizcə deyil...
- "Neftçi" xalq komandasıdır. Turnir cədvəlinin ortasında qərarlaşmağımız bizə yaraşmır. Ən azı mükafatçılar sırasında olmalıyıq.
- Avropa Liqasını erkən tərk etdiyiniz və çempionata uğursuz başladığınız üçün çox tənqid olunurdunuz. Buna futbolçular necə reaksiya verdilər?
- Biz özümüz də hər şeyi yaxşı başa düşürük. Nəticələr bizim üçün də xoş deyil. Ona görə də "Sumqayıt" üzərində qələbə bizim üçün vacib idi. Ümid edirəm ki, uğurlu çıxışımızın davamı gələcək.
- Yığmamızın Malta ilə səfər oyununda hesab 1:1 olarkən qol vurmaq üçün əla şans əldə etsəniz də, fərqlənə bilmədiniz. Həmin anda qol vurmağınıza nə mane oldu?
- Oyundan öncə qol vurmağı çox istəyirdim. Oyun zamanı da çox qaçırdım və öz-özümə deyirdim ki, sən bu görüşdə qol vurmalısan. Əla şans da əldə etdim. Həmin epizoda qol vurmaq vurmamaqdan daha asan idi. Amma həmin gün mənim günüm deyildi. Hələ də həmin epizodu xatırlayanda üzülürəm. Qol vursaydım, yığmamız qalib gələ bilərdi.
- Deməli, qələbə qazana bilmədiyimizə görə özünüzü günahkar sayırsınız?
- Bəli. Həmin epizoddan sonra düşündüm ki, rəqib qapımıza yol tapacaq. Çünki adətən futbolda vurmayana vurarlar prinsipi işə düşür. Hesab 1:2 olarkən komandamıza kömək etməyi çox istəyirdim. Düzdür, şadam ki, ikinci qolu vura bildik. Rahid Əmirquliyevin ustalığı sözünü dedi. Mən də özüm üçün nəticə çıxarmış oldum. Növbəti oyunlarda daha dəqiq zərbə vurmağa çalışacağam. Bütün bunlar təcrübədən irəli gəlir. Mənim yığmada cəmi dörd qolum var. Bu hesabı artırmaq istəyirəm.
Münasibət bildirmək istədiyim bir məqam da var. Oyundan sonra futbolçuların azərbaycanlı olmadığı, Dağıstandan olduqlarına dair yazıları oxumaq çox üzücü idi. Biz hamımız qardaşıq, müsəlmanıq. Mən də hər bir azərbaycanlı, dağıstanlı kimi bu ölkənin çörəyini yeyirəm. Azərbaycan olmasaydı, indi haradaydım, Allah bilir. Buraya gələrkən heç çörək pulum yox idi. Mən bütün bunları heç vaxt unutmuram. Himni oxumamağımıza gəlincə, mən bildiyim sözləri oxuyuram. Qalanını da gələcəkdə öyrənəcəyəm. Bu ölkənin mənə verdiklərini qiymətləndirirəm.
