Vüqar Mustafayev: Etiraf etməliyik ki, problemlərimiz var
Azərbaycanın gənclərdən ibarət yığma komandasının yarımmüdafiəçisi Vüqar Mustafayev AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Almaniyaya məğlubiyyəti (0:3) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Almaniya çox güclü komandadır. Biz əlimizdən gələni etdik. Avstriya ilə oyunda buraxdığımız uşaq səhvlərini təkrarlamadıq. Amma bu, futboldur. Rəqib bizə sadəcə, oynamağa imkan vermədi. Ona görə də belə pis oynadıq. Penaltilərdən biri şübhəli idi. Digər ikisi isə ədalətli qərar idi. Əlbəttə, hakimin üç penalti təyin etməsi xoş hal deyildi. Etiraf etmək lazımdır ki, problemlərimiz var. Bəzi epizodlarda tələsirik, diqqətli oynamırıq. Bunun üzərində çalışmağımız lazımdır. Çox çətin qrupda yer aldığımızı da deməliyəm. Qrupumuzda güclü komandalar yer alır. Amma bizim hədəfimiz mümkün qədər çox xal toplamaqdır".
