Samir Əliyev: İlkin hədəf dekabra qədər liderlər qrupunda möhkəmlənməkdir
"Neftçi"nin baş məşqçisi Samir Əliyevin azerisport.az saytına müsahibəsi
- Premyer Liqanın ilk üç turundakı oyunların nəticəsini necə qiymətləndirərdiniz?
- Qarşıda hələ maraqlı və gərgin oyunlarımız çox olacaq. Fikrimcə, komanda barədə 6-7 turdan sonra daha dəqiq fikir yürütmək olar.
- Üç tura 4 xal toplamısınız. Bu, sizi qane edir?
- Əlbəttə, biz də daha çox xal toplamağımızı istəyirdik. Amma qarşıda hələ çox tur var. Növbəti oyunlarda daha çox xal toplamağa çalışacağıq.
- "Neftçi"nin Peskoviç və Anyetedən əlavə də transferləri olacaq?
- Daha bir transfer olacaq. Bu, azad agent statusu daşıyan futbolçu olmalıdır.
- Komandanın bu mövsüm üçün hədəfi nədən ibarətdir?
- İlkin hədəf dekabra qədər mümkün qədər çox xal toplamaq və liderlər qrupunda möhkəmlənməkdir. Qışa qədər hansı mövqelərdə çatışmazlıqların olduğunu biləcəyik. Hələlik isə indiki heyətə güvənəcəyik.
- Peskoviçlə Anyetedən razısınız?
- Hər ikisi təcrübəli futbolçudur. İnanmaq istərdim ki, onlar həm komandamıza, həm də fənc futbolçularımıza faydalı olacaq.
- İlk üç turda komandada hansı mövqelərdə çatışmazlıqların olduğunu üzə çıxara bilmisiniz?
- Bizdə nəyin pis, nəyin yaxşı olduğunu bilirik. Bunun üzərində çalışırıq. Baxmayaraq ki, hazırda səkkiz futbolçumuz yığma komandalara dəvət aldığından tam hazırlıq keçə bilmirik.
- "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki şanslarını necə qiymətləndirə bilərsiniz?
- Klublarımızın rəqibləri Avropanın adlı-sanlı komandalarıdır. "Qarabağ"la "Qəbələ"yə uğurlar arzulamaq istərdim. Düzdür, onlara qrupdan çıxmaq çox çətin olacaq. Amma layiqli çıxış etməklərini arzulayıram.
