Əfran İsmayılov: Malta ilə oyunda qələbəyə layiq idik
Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılovun azerisport.az saytına müsahibəsi
- Malta ilə seçmə mərhələ çərçivəsindəki səfər matçından sonra bütün komanda yoldaşlarınız rəqibdən üstün futbol sərgilədiyinizi deyir...
- Yığmamızın ifasında çoxdan idi belə oyun olmurdu. Biz Malta ilə heç öz meydanımızda da belə oynamamışdıq. Hesab 1:0 olanda daha bir top vurmağımız lazım idi. Amma sonradan iki qol buraxmaqla işimizi çətinləşdirdi.
- Nəticə sizi qane edir?
- Nə narazı deyiləm, nə də razı. Necə də olsa, səfərdə oynayırdıq. Amma qalib gəlməyimiz daha yaxşı olardı.
- Robert Prosineçkiyə Rauf Əliyevi oynatmadığına görə iradlar bildirilir. Sizə onunla oynamaq rahatdır?
- Əliyevlə uşaqlıqdan bir komandada oynayırıq. Onu əla tanıyıram. O, tədricən forma yığır. Raufla oynamaq istəyərdim. Amma yığmanın heyətini formalaşdırmaq mənim işim deyil. Ola bilsin ki, Prosineçki hələ Raufu yaxşı tanımır, onun imkanlarına tam bələd deyil. Baş məşqçinin qərarına hörmətlə yanaşıram. Ümid edirəm ki, Rauf tezliklə əsas heyətdəki yerini bərpa edəcək.
- Maltaya qalib gələ bilməsəniz də, milli artıq dörd rəsmi oyundur uduzmur. Bütün bu dəyişikliklər xorvatiyalı mütəxəssisin işinin bəhrəsidir?
- Sosial şəbəkələrdə bizi tənqid edənlərin olduğunu gördüm. Amma unutmayaq ki, Prosineçki qısa müddətdir bu komandanı çalışdırır. Biz artıq fərqli futbol sərgiləməyə başlamışıq. Bu müddət ərzində komandamızda müsbətə doğru dəyişiklik varsa, deməli, bir qədər də səbrli olub, daha yaxşı nəticələrə ümid etmək olar. Düzdür, Malta ilə heç-heçə yaxşı nəticə deyil. Amma hamı qələbəni necə istədiyimizi və buna layiq olduğumuzu gördü.
- Avropa Liqasında İsveçrə "Yanq Boyz"una qalib gəldiyiniz oyunda vurduğunuz qoldan sonra hamı Əfran İsmayılovun geri qayıtdığını düşünürdü. Siz doğrudan da geri qayıtmısınız?
- Hələ 70-80 faiz (gülür). Doğma klubuma qayıtmışam. Mənim xaricdə də oynamaq şansım var idi. Amma "Qarabağ"a dönməyi daha üstün tutdum.
- Bəs nə vaxt 100 faiz hazır olacaqsınız?
- Mən yay toplanışında iştirak etməmişəm. Bu, vacib prossesdir. Mövsümün gedişində forma toplamağa çalışacağam.
