Çingiz Abdullayev: Köhnə rəhbərlikdən 3 milyon borc qalmışdı
"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevin azerisport.az saytına müsahibəsi
- Futbola gəldiyinizə görə peşman deyilsiniz?
- Heç vaxt. Mən futbolu sevirəm. Öz avtoritetimdən istifadə edib, komandaya faydalı olmaq istəyirəm. Başa düşürük ki, klubdakı yenidənqurmalar nəticələrə təsir edə bilər. Amma istənilən halda komanda ilk üçlükdə qərarlaşmalıdır. Tənqidlərə gəlincə, mənim klubdan küsməyim haqda yazılanlar hamısı yalandır. Klubun Müşahidə Şurasının sədriyəm, kimdən inciyə bilərəm ki? Nəsə xoşuma gəlməsə, Müşahidə Şurasının qərarı ilə həmin şəxsi vəzifəsindən uzaqlaşdıraram və ya vəzifəsini düzgün yerinə yetirməsini tələb edərəm. Mən əksinə mətbuatda bu cür yazılar hazırlayanlardan, klub əməkdaşlarına ziyan vuranlardan inciyirəm. Mən başa düşürəm ki, onların hamısı sifarişli yazırlardır. Bunu isə məhkəmədə aydınlaşdıracağıq. Bu cür yazılar bizim işimizə mane olmur. Sadəcə, ümumi atmosferi korlayır.
- "Neftçi"nin yeni büdcəsi təsdiqləndi. Yeni büdcə köhnə ilə müqayisədə nə dərəcədə fərqlənir?
- Biz hələ bunu açıqlaya bilmərik. Məsələ burasındadır ki, büdcə əvvəlki kimi qalsaydı da, milli valyutanın devalivasiyası nəticəsində maliyyə baxımından itkilərimiz olacaqdı. Çünki əcnəbilərlə əcnəbi valyuta ilə müqavilə imzalanır.
- Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə "Neftçi"ni tərk etdi. Bunu necə şərh edə bilərsiniz?
- Mən onun atasını yaxşı tanıyırdım. O, uzun müddət Yazıçılar Birliyində olub. Gündüz özü də bilir ki, çətin vaxtlarında Anarla mən onun rəhmətlik atasına çox kömək etmişik. Gündüz bizə dedi ki, bütün bu sifarişlərin kimlər tərəfindən edildiyini bilir. Sadəcə, onlarla dost olduğuna görə onlara qarşı çıxa bilmir. Bildirdi ki, ərizəsini yazıb, işdən çıxması daha doğru variant olar. Gündüz yaxşı jurnalistdir. Klubdan da öz istəyi ilə gedib.
- Bəhram Bağırzadə hələ ötən mövsüm azarkeş sayını artıracağına söz vermişdi. Amma heç bir artım gözə çarpmır...
- Olacaq. Mən onun necə çalışdığını bilirəm. Avropa Liqasında Çernoqoriya "Mladost"u ilə oyuna ilk dəfə "Bakcell Arena"ya 9 min azarkeş toplaşmışdı. Hədəflərimiz böyükdür. Klubun ənənələrini qaytarmaq istəyirik. "Mladost"la cavab oyunundan sonra mənə nə qədər zənglər oldu, oyuna görə təşəkkür etdilər. Həmin oyun vaxtı mən özüm də televizorun pultunu qırmışdım. Mən millətçi deyiləm. Amma daha çox yerli futbolçulara güvənəcəyik.
- Yəni, klubun gələcəyini legionerlərlə görmürsünüz?
- Komandada legionerlər də olmalıdır. Amma əsas üstünlük yerli futbolçulara, klubun yetirmələrinə veriləcək. "Qarabağ"la kubokun final oyunundan öncə Qəbələyə bir çemodan pul aparmışdıq ki, matçdan sonra futbolçulara paylayaq. Komanda uduzdu, biz də pulu qaytarıb banka qoyduq. Bizim öz stadionumuz var, amma bazamız yoxdur. Bütün dünyada futboldan pul qazanırlar, yalnız bizdə ancaq xərclənir. Elə bir sistem qurmalıyıq ki, oradan qazanc əldə edə bilək.
- Rəhmətə gedən Mübariz Zeynalovu Müşahidə Şurasında kim əvəzləyəcək?
- Biz ötən günkü iclasda onu bir dəqiqəlik sükutla yad etdik. O, yaxşı insan və futbolçu idi. Yeni üzvə gəlincə, hesab edirəm ki, o da futbol adamı olmalıdr. Müşahidə Şurasının yeni üzvünü seçməyi bizə həvalə ediblər. Tezliklə həmin adamın kimliyi bəlli olacaq.
- Klub artıq mövsümlük abunə kartlarının satışına başlayıb...
- Bəli. Artıq üç VIP abunə kartı satmışıq. Biri 1937 manatdır. Yeri gəlmişkən, bir aydan sonra futbolçuların formalarında yeni sponsorun adı həkk olunacaq. Bu, SOCAR deyil. Yeni sponsorun klub formalarında həkk olunmasının da əleyhinə deyillər. Yaxşı söz yazılacaq (gülür).
- Keçmiş rəhbərlik sizə nə qədər borc saxlamışdı?
- 3 000 000 dollara yaxın. Sadıq Sadıqov klub üçün çox iş görüb. Amma nə var, onu da demək lazımdır.
- "Neftçi"nin yeni bazası ilə bağlı nə vaxt konkret addımlar atılacaq?
- Bir-iki ay sonra konkret addımlar atılmalıdır. "Bakcell Arena"nı icarəyə götürəcəyik. Klubun 80 illiyində öz bazamız olmalıdır.
- Qarşınıza daha hansı vəzifələr qoyulub?
- Hədəflər çoxdur. Amma əsas hədəfimiz qarşıdakı 2-3 ildə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır. Ola bilsin ki, "Qarabağ" bizimlə razılaşmasın, amma bu, bizim hədəfimizdir.
- Azarkeşiniz Nurlan Əzizlə bağlı baş verən hadisəyə münasibətiniz necədir?
- Birinci turda azarkeşlərimiz "Kəpəz"in avtobusunun şüşəsini sındırdılar. İkinci turda da azarkeş meydana girdi, qalmaqal yarandı. Biz xuliqanları mükafatlandırmağı düşünmürük. Təhlükəsizlik xidmətinin əməkdaşlarına müraciət edəcəyik. Belə hadisələrin baş verməsində ilk növbədə klub rəhbərliyi günahkardır. Deməli, intizamı düzgün qurmayıblar. Vaxtilə "Xəzər Lənkəran"la "Neftçi" arasında Lənkərandakı oyunda baş verən hadisələrdə də günahkar klub rəhbərliyi idi. Ailədə də belədir, evin oğlu evə piyan gəlirsə, deməli, ailənin başçısı günahkardır.
